Hündür ağac başındakı dəymiş meyvə

hundur-agac-basindaki-deymis-meyve
Oxunma sayı: 1890

Nadir Qocabəyli

Hündür ağacın başındakı dəymiş meyvəni dərmək üçün əvvəlcə ora çıxmaq lazımdır. Bizsə istəyirik ki, kimsə vertolyotla (yox, helikopterlə) gəlib, onu dərsin və bizə atsın...

Müstəqillik tariximizin bütün seçkilərinin fəal iştirakçısı olsam da, bu dəfə seçki günü evdə oturmağı seçdim. Əvvəlki bütün seçkilərdə fəal seçici, prinsipial müşahidəçi, mübariz komissiya üzvü, ən nəhayət, “layiqli-uğursuz” namizəd olsam da, sonuncuda passiv seçici olmağa üstünlük verdim və ayağımı kandardan eşiyə qoymayıb düşünməyə, ölkəmizdəki seçkiləri, seçiciləri, seçənləri və seçilənləri analiz etməyə, bəzi məqamları seçki təcrübəsindən xəbərdar olduğum qonşularımızla müqayisə etməyə qərar verdim.

Ən əvvəl onu deyim ki, seçkiyə qiymət vermək üçün təkcə seçki günü baş verənləri müşahidə etmək yetərli deyil. Bunun üçün seçki kampaniyası dövründə hakimiyyətin və müxalifətin fəaliyyətini nəzərdən keçirmək də bəs eləmir. Çünki seçki kampaniyası zamanı, xüsusilə də, seçki günü gördüyümüz hadisələr sadəcə böyük bir proesesin yekunudur. Yəni, əgər seçki günü bu qədər oğurluq, bu qədər əyrilik, bu qədər ikiüzlülük, bu qədər həyasızlıq suyun üzünə birdən çıxırsa, demək, bütün bunlar əvvəldən var imiş və sadəcə üzə çıxması üçün münbit şərait lazımmış. Deməli, tək azad, ədalətli, demokratik seçki deməklə, arzulanan nəticəni almaq mümkün deyil. Seçki keçirməyi bu şüarı dönə-dönə səsləndirməyi sevənlərin özlərinə həvalə etsək belə, yenə də dedikləri nəticəni ala bilməyəcəklər. Çünki heç öz təşkilatları daxilində buna nail ola bilmirlər. Odur ki, əvvəlcə sadalanan neqativləri aradan qaldırmaq, ən azından nisbəti pozitivlərin xeyrinə dəyişmək üçün xeyli iş görmək, bunları edə bilmək üçün isə mütləq surətdə pozitiv olmaq gərəkdir. Hətta bir qədər irəli gedərək deyə bilərəm ki, seçkilərin saxta keçirildiyinə görə ittiham olunan iqtidar özü də, istəsə belə azad, ədalətli, demokratik seçki keçirə bilməz. Niyə? Gəlin araşdıraq.

Öncə seçkinin saxtalaşdırma mexanizminə, bu prosesdə iştirak edənlərin tərkibinə qısaca nəzər salaq. Saxta bülletenlər qutulara əsasən komissiya üzvləri, karusel əməliyyatında iştirak edən vətəndaşlar vasitəsilə doldurulur. Bu üzvlərin və vətəndaşların əksəriyyəti qutulara kütləvi halda saldıqları bülletenləri cinayətkar yolla əldə edirlər. Yəni, ortada saxta bülleten əməliyyatı ilə məşğul olan mütəşəkkil qrup fəaliyyət göstərir. Bunlar əsasən müəllimlər, həkimlər, MİS işçiləri, müxtəlif dövlət strukturlarında çalışan xırda məmurlar, onların ailə üzvləri, kiçik məmur biznezi ilə məşğul olan qohumları olurlar ki, bu cinayəti daha çox öz iş və gəlir yerlərini qorumaq naminə edirlər. Bundan başqa, seçicilər bəzi namizədlər, onları dəstəkləyən qruplar tərəfindən xırda bəxşişlərlə, yəni 5-10 manata ələ alınaraq, maşınlarla məntəqələrə daşınır. Bir sözlə, ən azı mövcud qanunlara zidd, cinayət tərkibli üsullarla silahlanan mütəşəkkil dəstənin effektiv fəaliyyəti seçkinin taleyini həll edir. Deməli, əvvəlcə iş yerini qorumaq xatirinə cinayət törədən müəllim, həkim, məmur sinfi, asılı, gözüqırpıq sahibkar, 5 manata səsini satan zavallı-miskin seçici probleminin həlli istiqamətində ciddi işlər görülməlidir. Bu isə elə də asan və qısa müddətə görüləcək iş deyil.

Gəlin, şərti olaraq seçkini saxlaşdıranları və demokratik seçki istəyənləri iki qrupa: mürtəcelərə və mütərəqqilərə ayıraq. Müxalifətin iddialarından çıxış edərək, birinciləri hakimiyyətin, ikinciləri isə onların özünün təşviq etdiyini fərz edək. Yenə müxalifətin iddialarından çıxış edərək, saxtalaşdırma prosesində iştirak edənlərin seçicilərin heç 10 faizini, ölkədəki 5 milyon seçicinin cəmi 5 yüz mini olduğunu düşünək. Belə olduğu halda, niyə bizim müxalifət yerdə qalan 90 faizin içərisindən elə iqtidarın təşkilatlandırdığı sayda vətəndaşı öz mütərəqqi ideyası ətrafında təşkilatlandıra və saxtakarlığa qarşı müqaviməti təşkil edə bilmir? Bunun iki cavabı var: ya ölkədə mütərəqqi, azadlıqsevər, demokratik düşüncəli, yalana və saxtakarlığa nifrət edən dürüst insanlar seçicilərin on faizini belə təşkil etmir, ya da o insanlar var, amma laqeyddirlər, qorxaqdırlar, tənbəldirlər, təşkilatlana bilmirlər, indiki müxalifət onları təşkilatlandıra bilmir, bəlkə də, onların təşkilatlanmasına müxtəlif vasitələrlə, hətta xarici təsirlərlə mane olur. Ola bilsin ki, əfəldir, bacarıqsızdır, maymaqdır, ya da avantürisdir, satqındır və s.

Bizim müxalifət yuxarıda qeyd etdiyim məsələylə məşğul olmaq, yəni saxta seçkiyə qarşı müqaviməti təşkil etmək əvəzinə, saxtakarlıq aktının baş verməsini gözləyir, hətta mən deyərdim ki, səbrsizliklə gözləyir, onun olması üçün şərait belə yaradır, bu faktları çox sevincək aktlaşdıraraq Avropadakı təşkilatlara, xarici mediaya ötürməklə işini bitmiş hesab edir. Bizim müxalifətin ən sevimli arqumentlərindən biri də, Avropa ölkələrindəki, xüsusilə də, qardaş Türkiyədəki demokratik seçki təcrübəsini vaxtaşırı gözə soxmaqdan ibarətdir. Avropayla işim yox, çünki bu mənimçün ayrı və çox geniş mövzudur. Ancaq bizə bütün parametrləriylə ən yaxın olan Türkiyə haqqında onu deyə bilərəm ki, orada seçkinin demokratikliyinə görə, iqtidar qədər müxalifət də məsuliyyət daşıyır. Yəni, bütün tərəfdarlarını səfərbər edir, təşkilatlandırır, ideya ilə silahlandırır, hər cür müqavimət mexanizmləri təşkil edir. Türkiyədə müxalifətin “iqtidar seçkiləri saxtalaşdırdı” deyərək, Avropaya, Amerikaya şikayət etməsi ayıb bir şey sayılır. Yəni, saxta seçki millət adına ayıbdır və bu ayıba görə tək iqtidarın xəcalət çəkməli olmadığına hamı inanır. Bizim müxalifət isə hər şeyi hakimiyyətin, xalqın üzərinə atmaqla özünü millətin qaymağı kimi avropalıların gözünə soxur (yəni, biz bunlardan deyilik), Avropa dəyərlərinin buradakı yeganə təmsilçisi kimi çıxış etməklə ona yarınır, bunun üçün ondan pay umur.

Bəs hakimiyyət niyə demokratik seçki keçirə bilmir? İstəmir, yoxsa bacarmır? Mən onun istəyib-istəmədiyini dəqiq deyə bilmərəm, amma fikrimin əvvəlində dediyim kimi, indiki vəziyyətdə istəsə belə, xalqın mütərəqqi hissəsinin mütəşəkkil dəstəyi olmadan bacarmaz. Başqa sözlə, xalq onu buna məcbur etməyə özündə təpər tapmasa, bacarsa belə istəməyəcək. Çünki heç kəs oturduğu budağı mişarlamaz. Dövlətin büdcəsindən qidalanan məmur ordusu onu bu tükənməz xəzinədən məhrum edən heç kəsi bağışlamaz. Bu günsə o yetərincə qüdrətli və mütəşəkkil, xalqdan və müxalifətdən hər baxımdan güclüdür. Onu bu gücdən məhrum etmək, parçalamaq, dağıtmaq isə göründüyü qədər asan deyil. Son günlərin hadisələri buna bariz nümunədir. Azad, ədalətli, demokratik seçki kiminsə barmağının bir işarəsiylə baş tutmaz. Bununçün həqiqətən azad, ədalətli, demokratik düşüncəli insanların çoxluqda olmasına, bu dəyərlər uğrunda mübarizə aparmasına ehtiyac var.