“Hüquq mühafizə orqanları bunun qarşısını alacaq”

huquq-muhafize-orqanlari-bunun-qarsisini-alacaq
Oxunma sayı: 645

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum” saytına açıqlamasında deyib ki, siyasi partiya və birlik hər hansı tədbir keçirmək istəyirsə, bu, qanun çərçivəsində olmalıdır: “Müxalifət müstəqilliyin 20 illiyi ilə bağlı tədbirini keçirsin, bir salonda toplansınlar, bayramı qeyd etsinlər, müzakirə aparsınlar. Müstəqilliyin 20 illiyini küçədə niyə keçirirlər, niyə yürüş edirlər?”

YAP icra katibinin müavini deyib ki, müxalifət yürüş keçirmək istəyirsə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əməl etməlidir, Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalıdır: “Meriyanın icazəsi olmadan yürüş keçirsələr, təbii ki, bunun qarşısı alınacaq. Hansı ad altında keçirilməsindən asılı olmayaraq bütün yürüşlər kütləvi aksiyadır. Bayram yürüşü o demək deyil ki, kimsə bayram adı altında xaos yaratsın, qanunu tapdalasın, özbaşınalıq etsin. Bayramda da, adi günlərdə də qanuna əməl olunmalıdır. Ona görə də icazəsiz hər hansı yürüş olsa, hüquq mühafizə orqanları bunun qarşısını alacaq”.

İctimai Palata oktyabrın 18-də “Nərimanov” metro stansiyasından “Qarabağ” mehmanxanasına, Bəhramgurun heykəlinin qarşısından Dövlət Bayrağı Meydanına və “20 Yanvar” metro stansiyasının qarşısından keçmiş “Qələbə” kinoteatrının qarşısına qədər olan maşrutlardan birində bayram yürüşü keçirmək istəyir.