Hüquqi şəxslər 20 dəqiqəyə qeydiyyata alınacaq

huquqi-sexsler-20-deqiqeye-qeydiyyata-alinacaq
Oxunma sayı: 1565

Hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliklərin mahiyyəti və məqsədləri ilə bağlı Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Belə ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçəcəklər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil ediləcək və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşacaq. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin ediləcək.