Hüquqşünas ölkə prezidentinə müraciət etdi - Mətn

Hüquqşünas ölkə prezidentinə müraciət etdi - <font color=red>Mətn</font>
Oxunma sayı: 230

“Hörmətli cənab Prezident!

Son dövrlərdə Dövlət yol polisinin fəaliyyətinin təkmilləşdirilməsi və ölkəmizdə yol hərəkəti təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi dəyişikliklərin şahidi olmaqdayıq. Hər bir vətəndaş kimi mən də bu dəyişiklikləri maraqla izləyirəm. Bundan əvvəl də Sizə və ölkənin bir sıra başqa qurumlarına yol hərəkəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və təcrübənin yaxşılaşdırılması istiqamətində konkret təkliflərlə müraciət etmişəm.

Sizə bu məktubla müraciət etməyimin səbəbi isə Milli Məclisin yaz sessiyasının son iclasında «Yol hərəkəti haqqında» Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə layihə ilə bağlıdır. KİV-də yayılan məlumatdan aydın olur ki, həmin dəyişikliklər yol hərəkəti qaydalarını pozma ilə əlaqədar tətbiq olunan inzibati cərimənin ödənilməsinin tamamilə yeni qaydasını nəzərdə tutur. Lakin həmin layihədə nəzərdə tutulan müddəalar sürücülərə tətbiq olunan cərimələrin tutulması mexanizmini təkmilləşdirməyə yönəlmiş olsa da, hesab edirəm ki, həmin müddəalardan bəziləri bu problemi bir qədər də çətinləşdirmək, eləcə də yeni problemlər yaratmaq təhlükəsi doğurur. Fikrimi aşağıdakı qısa arqumentlərlə əsaslandırmaq istəyirəm.

1. Əvvəla, yol hərəkəti qaydalarını pozmağa görə tətbiq olunan cərimələrdən başqa, İnzibati Xətalar Məcəlləsində çoxlu sayda digər xətalara görə də cərimə sanksiyası nəzərdə tutulmuşdur. Ölkəmizin qanunvericiliyində və hüquqtədbiqetmə təcrübəsində bütün məhkəmə qərarlarının və inzibati orqanların məcburi icra edilməli olan qərarlarının icrasının vahid qaydası «İcra haqqında» Qanunla və digər qanunvericilik aktları ilə təsbit edilmişdir. Ona görə də sürücülərə tətbiq olunan cərimələrin icrasının özünəməxsus qaydasını müəyyən etməyə heç bir ehtiyac yoxdur. Cərimələrin ödənilməsində hazırda mövcud olan problemləri isə sadəcə olaraq icra intizamını yaxşılaşdırmaqla, DYP orqanlarının icra məmurları qurumları ilə çevik əlaqələrinin yaradılması yolu ilə aradan qaldırmaq olar.

2. Layihədə cərimə tətbiq olunmuş şəxsin onu vaxtında və könüllü ödəməyə həvəsləndirilməsi məqsədi ilə cərimənin dərhal və ya bu barədə qərar qüvvəyə mindikdən sonra 3 gün müddətində ödənildiyi halda 10% miqdarında ödənişdən azad edilmə nəzərdə tutulmuşdur. Hesab edirəm ki, 3 günlük müddət azdır və bəzi insanların həmin müddətdə cərimə məbləğini əldə edərək ödəməsində problem ola bilər. Digər tərəfdən, belə həvəsləndirmə həm də cərimə tətbiq olunan şəxsi bunun üçün ciddi əsas olub-olmamasından asılı olmayaraq bu barədə qərarı yuxarı orqanlarda və ya məhkəmədə mübahisələndirmək fikrindən çəkindirməyə xidmət edə bilər. Buna görə də yaxşı olardı ki, həmin müddət 7 gün olsun (analoji qaydanın olduğu ölkələrin əksəriyyətində məhz 7 gün müddət nəzərdə tutulmuşdur) və qərarın qüvvəyə mindiyi yox, onun çıxarıldığı (və ya şəxsə təqdim edildiyi) gündən hesablansın (şəxs şikayət verəcəyi təqdirdə həmin müddəti ötürəcəyini və bu güzəştdən yararlana bilməyəcəyini gördükdə ciddi əsas olmadan şikayət verməyəcəkdir).

3. Layihədən görünür ki, cərimə məbləğini müvafiq qərarın qanuni qüvvəyə minməsindən sonra 2 ay müddətində ödəməyən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq DYP-nin mühafizə olunan duracağına yerləşdirilməli və yalnız həmin cərimə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması xərci ödənildikdən sonra sahibinə qaytarılmalıdır. Bu tədbirin məntiqini anlamaq və təşəkkül tapmış hüquqi ideyalar və prinsiplər çərçivəsində onun ağlabatanlığını əsaslandırmaq çox çətindir.

Birincisi, bu tədbir faktiki olaraq DYP-ni cərimə sanksiyasını icra edən orqana çevirmək olardı. Lakin DYP-nin fəaliyyətini tənzimləyən «Polis haqqında», «Yol hərəkəti haqqında» qanunlarda və digər normativ aktlarda DYP-nin hansısa məhkəmə aktlarını və inzibati aktları məcburi icra edən orqan olması haqqında heç bir müddəa yoxdur. DYP-nin əsas funksional təyinatı yol hərəkəti təhlükəsizliyinə nəzarət etmək, ölkənin yollarında fasiləsiz və rəvan hərəkətin təmin edilməsi üzrə ona həvalə olunmuş vəzifələri yerinə yetirməkdir. DYP-yə onun funksional təyinatından kənar olan vəzifələrin həvalə olunması bu orqanın fəaliyyətində gərginlik yaratmaqla, onu öz əsas vəzifələrinin icrasından qismən də olsa yayındıra bilər.

İkincisi, göstərilən səbəblə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsinin məqsədi aydın deyil. Bu, cərimənin ödənilməsinin təmini tədbiridirsə, vətəndaşların mülkiyyət hüquqlarına zidd olmaqla yanaşı, mövcud qanunvericiliyə də uyğun deyildir, çünki qanunvericilikdə bu üsulla hansısa sanksiyanın təmin olunması nəzərdə tutulmur. Həm də nəqliyyat vasitəsi mühafizə olunan duracağa qoyulduqdan sonra vətəndaşın ödəməli olduğu məbləğ də artacaqdır (yəni onun ödəmə qabiliyyəti pisləşəcəkdir). Məlumat üçün bildirirəm ki, sovet dövründə həqiqətən də, müəyyən repressiv məqsədlərlə nəqliyyat vasitələrinin saxlanması üçün istifadə olunan «Cərimə meydançası»ndan fərqli olaraq Mühafizə olunan duracağın təyinatı tamam başqadır. Beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə əsasən, həmin yerə nəqliyyat vasitələri məhz mühafizə olunmaq üçün üç halda gətirilir: 1) nəqliyyat vasitəsinə mülkiyyət və sahibliklə bağlı sənədlərdə problem olduğuna görə onun sahibi məlum olmadıqda və ya şübhəli olduqda; 2) nəqliyyat vasitəsini idarə edən şəxsin həmin vəziyyətdə onu idarə etməsinin yolverilməz olduğu halda (onun sürücülük vəsiqəsi olmadıqda və ya o, sərxoş olduqda) həmin nəqliyyat vasitəsini yolda nəzarətsiz qoymamaq üçün; 3) nəqliyyat vasitəsi dayanma və durma qaydalarını pozmaqla başqalarına mane olduqda və ya təhlükə yaratdıqda onun həmin yerdən təxirəsalınmadan uzaqlaşdırılması zərurəti ilə əlaqədar. Göstərilənlərdən başqa digər hallarda nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsinin heç bir məntiqi yoxdur. Hətta nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən onun istismarı qadağan olunduqda da o, sahibinin hesabına və onun riski altında saxlanmaq üçün sahibinə verilir. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, 22 iyun 2010-cu il tarixdə «Yol hərəkəti haqqında» Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilərək ban şüşələrinə qanunla yol verilməyən örtük çəkilmiş və ya tətbiqinə icazə verilməyən səs siqnalı quraşdırılmış nəqliyyat vasitələrinin də mühafizə olunan duracağa yerləşdirilə bilməsi nəzərdə tutulmuşdur ki, bu da çox uğursuzdur. Çünki elə həmin qanunvericilik aktları göstərilən dəyişiklikdən əvvəl də bu vəziyyətdə olan nəqliyyat vasitəsini texniki cəhətdən nasaz hesab edir və belə halda onun istismarının qadağan olunmasını nəzərdə tutur ki, bu da daha məntiqlidir.

4. Layihədə nəzərdə tutulur ki, sürücüyə tətbiq olunmuş cərimə 3 ay müddətində ödənilməzsə, onun sürücülük hüququ 6 ayadək müddətə məhdudlaşdırıla bilər. Belə bir tədbir hüququn bütün prinsip və ideyalarına ziddir. Məsələ burasındadır ki, cərimə tənbehi inzibati xətaya görə tətbiq olunan nisbətən yüngül tənbeh hesab olunur və bu tənbehin icra edilməməsinə görə şəxsi bundan xeyli dərəcədə sərt tənbehə məruz qoymaq yanlışdır. Xatırladıram ki, ölkəmizin qanunvericiliyində məhkəmə qərarlarının və icrası məcburi olan digər qərarların icrasından qərəzli boyun qaçırmaya görə məsuliyyət nəzərdə tutulur («İcra haqqında» Qanunun 82-84-cü maddələri, İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsi, Cinayət Məcəlləsinin 306-cı maddəsi və s.). Ona görə də məhz sürücülərə tətbiq olunmuş cərimənin ödənilməməsinə görə xüsusi məsuliyyət nəzərdə tutulmasına heç bir ehtiyac yoxdur.

Hörmətli cənab Prezident, ölkəmizdə son dövrlərdə şəffaflığın artırılması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin ən mühümlərindən biri – elektron xidmətin müxtəlif sahələrdə tətbiqi məhz dövlət idarəçiliyinin ayrı-ayrı sahələrində vətəndaşla məmurun bilavasitə əlaqəsini minimuma endirmək və mümkün ola bilən neqativ halları qabaqlamaqdır. Haqqında danışdığım layihənin qüvvəyə minəcəyi təqdirdə isə sürücülərin DYP əməkdaşları ilə əlaqəsinin yeni forması meydana çıxacaqdır. Əminəm ki, DYP orqanlarının layihədə göstərilən tədbirləri həyata keçirməsi vətəndaşların bu orqandan şikayətlərinin sayının artmasına da gətirib çıxaracaqdır.

Hörmətli cənab Prezident, bir vətəndaş olaraq öz fikirlərimi əsaslandırmaq üçün yalnız qısa arqumentləri gətirdim. Həmin məsələni istər beynəlxalq təcrübə, istərsə də milli qanunvericiliyimiz əsasında daha təfərrüatlı araşdırdıqda da gətirdiyim arqumentlərin yersiz olmadığı aydın ola bilər.

Yuxarıda gətirdiyim mülahizələri nəzərə alaraq, Sizdən xahiş edirəm ki, veto hüququnuzdan istifadə edərək həmin layihənin Milli Məclisdə yenidən müzakirəyə qaytarılması barədə göstəriş verəsiniz.

Hörmətlə Ərşad Hüseynov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi