İçdiyimiz çaydır, ya zaydır? - Araşdırma

icdiyimiz-caydir-ya-zaydir-arasdirma
Oxunma sayı: 3603



Son zamanlar hamı “arıqlayıram” deyə-deyə yaşıl çaylardan daha çox istifadə etməyə can atır. Kim artıq “qara çay” içmirəm deyirsə də, arada qara çaysız da qala bilmir. Məsəlçün, səhər yeməyində adət etdiyimiz şirin çayımız mütləq qara çaydan olmalıdır. Hərdən “arıqlama dəbi”ni ortaya atanları söyənlər bilməlidir ki, dərman bitkiləri, və ya növbənöv yaşıl çayları tez-tez alanlar hardasa qalib sayıla bilərlər. Ən azı qara çayın alüdəçisi olanlar uduzan tərəfdir. Yaşıl və diğər növ çayların üzərində “oynamaq” istehsalçılara maraqlı deyil, heç buna baş da qoşan yoxdur. Əvəzində bəzi hallarda qara çayın başına elə oyunlar gətirilir ki, yenə də alıcılar aldanırlar. Ən çox da çay içildikdən sonra stəkanın divarlarındakı ləkəni yuyan(sürtən) qadınlar əziyyət çəkirlər. Görəsən, stəkandan, fincandan çətinliklə təmizlədiyimiz ləkə canımızda necə iz salır?

Lənkəran çay şöhrətini niyə itirdi?

Çay təkcə içki yox, əsrlərdir mədəniyyətimizin əvəzolunmaz parçasıdır. Amma bu mədəniyyətimiz

diğər ünsürləri kimi yavaş-yavaş qiymətini itirir. Çünki ölkədə çayın becərilməsi, onun istehsalı, süfrəmizə qədər gəlib çıxdığı yolda çoxlu əngəllərlə yanaşı, fırıldaq, kələk də əksik olmur.

Bu gün dünyada Çin, Hidistan, Şri Lanka kimi ərazilər çay plantasiyalarının sahəsinə görə liderlik edir. İstehsalda isə eyni üçlükdə Hindistan Çini qabaqlayır. Azərbaycanda vəziyyət isə çayçılıqda acınacaqlı sayıla bilər. Ölkədə çaya olan illik təlabat on min tondur. Vaxtiylə SSRİ kimi böyük ittifaqı çayla təmin edən Azərbaycanda indi illik tələbatın yalnız 8%-i öz məhsulumuzun üzərinə düşür.

Bir zamanlar min hektarlarla( təxminən 13 min hektara bərabər) ərazisində çay plantasiyaları əkilən ölkənin bu gün yalnız 873(2012-ci ilin hesabatına əsasən) hektarlıq sahəsində çay becərilir, yığılan məhsul isə 567,9 tona bərabərdir.

Çay Lənkərana 1912-ci ildə gəlib. Bölgənin iqlimi bu bitkinin yetişməsi üçün münasib olduğundan, elə ilk çay istehsal edən fabrik də iyirmi beş il sonra burada tikilib. İllərlə sayını artıran fabriklər həm də keyfiyyət baxımından yüksək istehsala malik olub. Hətta o zamanlar Mərkəzi Komitə kimi yuxarı dövlət orqanlarında Lənkəran çayının öz şöhrəti olub, ləzzətlə içilib. Bu gün isə nə bu dəyərdən, nə şöhrətdən, nə keyfiyyətdən, nə də

ləzzətdən danışmaq mümkün deyil. Baxmayaraq ki, ölkədə çayxanaların çayı çoxalıb, çayçı deyəndə onu becərəndən çox çay gətirən nəzərdə tutulur.

Təmiz Lənkəran çayının tərkibi Hindistanda xalis hesab edilən çaya bərabərdir. Tərkibindəki “tanin”(keyfiyyət göstəricisi) hind çayında 28-30% , kofein 4-5%-dirsə yerli çayımızın da əsasında bu üstünlüklər var. Lənkəran çayı 1981-ci ildə Almaniyada “Azərbaycan buketi” adlı mükafata da layiq görülübmüş. İndi isə milli çay yerli bazarda ən çox keyfiyyətinə şübhə ilə yanaşılan məhsula çevrilib. “Lənkəran çayı”adı ilə mənşəyi bilinməyən çaylar satılır. Bu gün Lənkəran bölgəsi daha çox hamımıza bəlli zərərli bitkiəri ilə məşhurlaşıb.

Çayçılığın dərdi nədir?

Mütəxəsislərin fikrincə, çayçılığın inkişafdan qalmasının əsas səbəbi bu məhsulun becərilməsi üçün dövlət qayğısının olmamasıdır. Tək bir hektar çay plantasiyasını salmaq üçün 6-7 min dollar gərəkdir. Bundan başqa çay bitkisi zəhmət, diqqət, qulluq tələb edən bitkidir. Çay 7-8 ildən sonra bar gətirə bilir. Fikirləşin ki, 500 ton yığılmış çay yarpağının yalnız 120-130 tonu istehsal zamanı yararlı məhsul kimi ortaya çıxır. Qalan hissə tullantı

hesab edilir. Bütün bu proses müasir dövrdə səbirli təsərrüfatçıların qalmadığını göstərir. Hamı tez qaz vurub, qazan doldurmaq istəyir. Başqa sözlə, bu səbəbdən təmiz məhsulu yaratmaq heç kəs üçün sərfəli deyil. Zəif çayçılığın mövcudluğu Kənd Təsərrüfatı Nazirliyinin hesabatlarında da öz əksini tapır. Bu məhsul hesabatın ən sonuncu vərəqində yer alır, zəif məhsuldarlıq isə diqqətdən qaçmır.

Dovşan qanı, mal qanı, yoxsa albalı şirəsi? Berqomot nədir?

Bu məsələ lap tapmacaya oxşadı. Amma bu məsələ bu gün də hamının maraqlandığı məsələdir. Həqiqəti bilməksə, hamının haqqıdır. Nəzərə alaq ki, Azərbaycanda istehsal olunan, satışa çıxarılan yerli markaların əsas hissəsini xaricdən gətirilmiş xammal tutur. Hətta demək olar ki, hamısını. Azad İstehlakçılar(alıcılar) Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra çay istehsalında pərakəndəlik meydana gəldi. İndinin özündə çay istehsalına, keyfiyyətinə nəzarət edəcək sistem mövcud deyil. Ekspertin sözlərinə görə, yerli şirkətlər əsas xammalı xaricdən ucuz qiymətə alır, bu çaylar hazır fermetləşdirilmiş(təxminən 85%) şəkildə olur. Fermentasiya-çay yarpaqlarının soyuq və nəm yerdə müəyyən vaxt ərzində saxlanılmasıdır. Bu zaman çay yarpaqlarının tərkibində oksidləşmə prosesi baş verir və çay rəngini alır. Daha sonra bu yarpaqlar qurudulması üçün isti kürələrə verilir. “ Bizim çox işbazlar isə aldığı xarici məhsula əlavələr qataraq asanlıqla çəkisini artırır, aromatlaşdırır, sadə texnologiya ilə bu məhsulları qablaşdırır və satışa çıxarırlar.” Mütəxəsis paket çayların keyfiyyətinin isə bərbad olduğunu vurğulayır. “Soyuq suya düşən kimi rəngi çıxan çaylara çox vaxt nə qatıldığını belə araşdırmaçılar tapa bilmilər. Quru çayın mağazalarda açıq şəkildə satılmasının əleyhinəyəm. Çünki çay quru, rütubətsiz yerdə, qabalı vəziyyətdə satılmalıdır. Hava ilə təmasda olan çayın tərkibində yeni zərərli maddələr meydana gəlir ki, bu da insan orqanizmi üçün təhlükəli ola bilər.”

Adını vermək istəməyən lənkəranlı texnoloq isə deyir ki, çaylara boya kimi dovşan, mal qanı əlavə edilir. Dovşan qanının suda tez həll olma qabiliyyəti var. Texnoloq deyir ki, saman çopünə bənzər bitkilər rənglənir, aromatlaşdırılır və qablaşdırılaraq satışa
çıxır. “Xüsusən, çay və saman çöpü tullantılarından hazırlanmış paket çayların tərkibini bilsəz, artıq bundan imtina edərsiz. Hələ çayxanalarda istifadə olunmuş çaylar da razılaşma əsasında yığılır və yenidən boyanaraq istifadəyə verilir. Kənd Təsərrüfatı Nazirliyinin hər məsələdən xəbəri var, sadəcə susur. Bizim kimi işçilər də işimiz xatirinə səsimizi çıxara bilmirik.”

Satışda olan çayların keyfiyyətinə nəzarət edəcək obyektin kimlərdən ibarət olduğunu bilmirik. Amma bu iddialarla əlaqədar Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Komitəsinə müraciət etdim. Təəssüf ki, Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı xarici səfərdə olduğundan suallara çavab verən tapılmadı. Tək onu qeyd edə bilərəm ki, şəxsi müşahidələrimə görə bu vaxta qədər bu komitənin çayların keyfiyyəti ilə əlaqədar reyd, monitorinqləriylə rastlaşmamışam. Heç eşitməmişəm ki, filan sayda qutu, çay paketi yandırıldı, saxta idi, ya da satışdan çıxarıldı. Bilən varsa, desin. Bu qənaət vəziyyətə nəzarətin səviyyəsini göstərir.

Bu arada bir məsələni də qeyd edim. Yəqin ki, “berqamot ətirli çay” ifadəsini eşitmisiz. Bunun mənasını heç çox istehsalçı da bilmir. Qılanılası da deyil. Çünki onlar bu bitkini bəlkə də tanımır, çoxumuz kimi. Berqamot acı portağalla limonun calağından meydana gələn sitrus meyvəsidir. Xoş ətirli meyvə daha çox Hindistanda yetişdirilir. Meyvə çox turş olduğundan yeyilməsi mümkün deyil. Amma ondan ətirlərin, dərmanların hazırlanmasında geniş istifadə edilir. Bu meyvənin kəskin qoxulu qabıqlarındankı efir yağından hazırlanmış ekstraktı çayın emalı zamanı da ona qatılır.

“Fərmançay”ın qiyməti 50-80 manatdır

Azərbaycanda təmiz çay Lənkəranda becərilən və yalnız əllə yığılan, qatqısız “Fərmançay” hesab olunur. Bu çay Azərbaycan Çayçıları Birliyinin rəhbəri Fərman Quliyevin ərsəyə gətirdiyi çaydır. Fərman müəllim təcrübəli çayçı alim mütəxəsisdir. Onun kiçik ərazidə əkib becərdiyi çay plantasiyasında məhsul az olsa da, iş gedir. Çay yarpaqlarının yalnız üst qatı( iki-üç yarpaqdan xalis çay çıxır) əllə yığılaraq sadə texnologiya ilə qurudulur, emal olunur. Sual oluna bilər ki, bu məhsulu kim alır? Bu isə yenə pulu olan üçün problem deyil. Sözsüz ki, çayxor ailə üçün bu çayı alıb içmək hər ay büdcəsindən xeyli vəsait ayırması deməkdir. Baxıb fikirləşəndə, nə boyda fərq ortaya çıxır. Yerli bazarda 100 qramı 60-70 qəpik olan çay hara, 100 qramı 5-8 manat olan “Fərmançay” hara.

“Çayımızın reklama ehtiyacı var”

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrosiyasət üzrə eksperti, mütəxəsis Vahid Məhərrəmovun məsələ ilə maraqlı fikirləri var. “Adıçəkilən“Fərmançay”ın əl əməyinə əsasən emal edilən və mineral deyil, üzvi gübrələrlə əldə olunan çaydır. Bu çayın keyfiyyət göstəricisi yuxarıdır. Çayın yalnız üst yarpaqları (iki, üç yarpağı)yığılaraq emala verilir. Məhsulun keyfiyyətli olması üçün çəkilən əziyyət, maya dəyəri baha başa gəldiyindən bu çay da baha satılır. Hazırda dünya bazarında da çayçılıqda mənzərə belədir. Çayın qiyməti 2 dollarla 200 dollar arasında dəyişir. Yetişdirilməsi, yığılması(maşınla yığılan çay ucuzdur)emalı texnologiyası, əlavə olunan qatqılarınının həcminə görə qiymət fərqi ortaya çıxır.” Vahid müəllim apardığı araşdırmalarına nəzərən, maraqlı faktlarını da qeyd edir. “Vaxtiylə, çay bazarında meydana gələn böhranda çayxanalardan istifadə olunmuş çay yığılıb, təzə çaya qatılaraq satılırdı. İndi yeni texnologiyaların yaranması, avadanlıqların ölkəyə gətirilməsi bu mərhələni çox arxada qoydu. Bu gün yerli bazarda müxtəlif adda, xarici xamaala əsaslanan çay da olsa məhsul boldur. Heç bir istehsalçı öz markasına, adına pis söz deyilməsin deyə yararsız məhsul buraxmamağa çalışır. Bəli, dovşan qanı, hər hansı meyvə şirəsinin(albalı) qatılması məsələsi bugün də iddia şəkilində söylənilir. Amma bunun tam əsaslandırılması çətin məsələdir.” Çaya qatılan “berqamot ətri” məsələsinə gəlincə, ekspert çayın kənar ətirləri canına çəkmək qabiliyyətinin olduğunun deyir. “İndi çay istehsalçıları çayları ətirləndirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Berqamot da ətirli meyvənin qoxusudur. Bu qoxunun çayda ayırd edilməsi dəmləmə prosesində məlum olur. Ətir çıxırsa, çay təbii qoxu ilə ətirləndirilib. Avropalılar bu mənada təbii çayları almağa, istehsalçı isə satışa çıxarmağa maraqlıdır. Çünki onlar öz canlarına dəyər verirlər.” Vahid müəllim çayların mağazalarda açıq şəkildə satışını pisləyir. “Çay nə qədər yararlılıq müddətini qorusa da, onun rütubətli yerdə saxlanması tərkibini dəyişə bilər. Quru çayda kif göbələyinin yaranması orqanizm üçün təhlükə yaradar. Sonda mütəxəsis çayçılığın, milli çayın təbliğatının olmamasından giley edir. “Bu gün Lənkəranda yenidən çayçılığın inkişaf etdirilməsinə başlamaq lazımdır. Ən əsas isə çayımızın reklam olunmasına can atılmalıdır.”

Dəbdən düşmüş armudu stəkanlı çayımız...

Milli çay və süfrə mədəniyyətimizdə armudu stəkanın xüsusi çəkisi var. Bu maraqlı quruluşda olan stəkanlar bu gün nənələrimizin mətbəx şkaflarını bəzəyir. Müasir xanımlar üçbucaq, dordbuçaq, ya da klassik dairıvi fincanlara çay süzməyə həvəslidir. Armudu stəkanları bəyənən çox az insanımız var. Amma çoxu bilmir ki, armudu stəkan xüsusi quruluşu ilə daha böyük məna kəsb edir. Ən əvvəl bu stəkanın quruluşu onun səthindən dibinə qədər çayın tədricən, geç və termomübadilə baxımından soyumasını təmin edir. Çay tədricən soyuduqca biz də onu birnəfəsə içib köpmürük. Aram-aram içmək, armudu stəkanın həcmi bizim üçün daha xeyirlidir.

Afaq həkimsə müasir zamanda rəngi tez çıxan çayların bizim orqanizmimizdə zərərli izlər buraxdığını deyir. “Çay normalda təxminən 20-25 dəqiqə dəmlənməlidir, bir saat ərzində içilib qurtarmalıdır. Təmiz çayın rəngi dəmələnəndə də qıpqırmızı olmamalıdır. Bizim evlərdə bəzən dəmlənmiş çaylar bir gündən sonra da içilir. Çayın tərkibində olan “tanin” yorğunluğu çıxaran, rahatlaşdırıcı, qüvvətləndirici maddədir. Uzun müddət dəmlənmiş və saxlanılmış çayda bu maddə dağılır və zərərli maddəyə çevrilir. Xəstələrə, elə sağlam adamlara da məsləhət mənşəyi bilinməyən qara çaylardansa, diğər bitki çaylarından içməkdir. Bir də, çay dəmi qalanda bulanıq olursa, bu sizi qorxutmasın. Bu çayın kremləşmə vəziyyətidir. Bu çay zay çay hesab oluna bilməz.”

P.S. Kənd Təssərüfatı Nazirliyi söz verir ki, 2015-ci ilə qədər çay plantasiyalarının sahəsi genişləndiriləcək. Bu genişlənmə belə yerli təlabatın yalnız 10-20%-ni ödəyəcək. Lənkəranla yanaşı, Zaqatalada(hazırda zəif də olsa var) da təsərrüfat sahəsi böyüyəcək. Bu az rəqəm olsa belə, bizə kəmiyyətdən çox keyfiyyət maraqlıdır. Bir də çayçılığın inkişafı yüzlərlə insanın işləməsi, iş yerinin olması deməkdir.

Çox şey istəmirik. Biz əcnəbi yox, azərbaycanlının əliylə toplanmış, doğma və təmiz çayımızı dəmləyib içmək istəyirik, vəssalam.

Raminə Eyvazqızı