İçi boş “Xəbərlər”imiz

ici-bos-xeberlerimiz
Oxunma sayı: 1536

Nənəm həmişə axşam saat 8:00 olanda “A bala o puntu ver görüm son xəvərdə nə deyirlər” deyib bütün diqqətini ekrana verərdi. Amma artıq son vaxtlarda nənəm Azərbaycanda “son xəbərləri” izləmir. Yorğun və bezgin bir tərzdə “a bala onsuz da fərli bir xəbər vermirlər səyliyirlər” deyir. Nənəm həmişə olduğu kimi bu mövzuda da haqlı idi və bir kəliməsi bu mövzuda yazı yazmağın vacib olduğu mesajını verdi.

Sərbəst bazar qanunlarının qüvvədə olduğu bir dövrdə media xalqı maarifləndirmək, içi dolu informasiya vermək istiqamətlərini sonu görünməz yollara doğru çevirib. Əlbətdə belə olmasa, nə qəzetlər satılar, nə də televiziya kanalları izlənər.

Məsələn son 10 ildə axşam xəbərlərində, ancaq mühüm xəbərlərin verilməsi görülmüş bir şey deyil. Özəl kanalların xəbərlər proqramı isə sözün əsl mənasında şou proqramlarından çox az şeylə fərqlənir. İnsan faciəsini, hansısa kəndlinin qoyun sürüsündəki qoyunun ekiz doğması, ya da hanısa ucqar bir kənddə ikibaşlı buzovun doğulması xəbəri təqib edir. Dünyanın ən hüdürboylu adamının yeni ayaqqabıları ilə Azərbaycanla Ermənistan münasibətləri haqqındakı xəbər eyni dəqiqələrə sıxışdırılır. Dünya iqtisadi böhranından bəhs olunan sujetdən sonra, “kəndlinin üzünü güldürən xiyar” xəbəri proqrama görülməyəcək bir “rəng” qatır. Cəbhə bölgəsində atəşkəsin pozulması xəbərinin ardınca diktor hansısa ölkənin, adını belə güclə dediyi məhəlləsində bir pişiyin ağaca dırmaşması xəbərini

ovucumuza qoyur. Əsgər ölümü ilə bağlı reportajdan sonra ekranda pəhriz haqqında bir qadının “keyfiyyətli tövsüyələri” yer alır. O qədər pərakəndə xəbərlər verirlər ki, adam 120 dəqiqə içərisində izlədiyi xəbərləri unudur.

Neft səltənətində 9 milyon əhalinin yarıdan çoxunun sürüm -sürüm süründüyü faktını, 81 milyondan çox əhalisi olan Almaniyanın hansısa bir rayonundakı işsizlik xəbəri ilə ört basdır etmək, Avropadakı neqativ halların kölgəsində ölkəmizdə baş verən minlərlə olumsuz hadisələri gizlətmək, və millətə Avropanın acından öldüyü yalanını sırımaq bizim ən “mühüm” xəbərlərimiz sırasındadır. Çünki həqiqət o qədər cəzb edici deyil. Jurnalistlərdən onları izləyənləri həqiqətlərdən uzaqlaşdıracaq informasiya ötürülməsi tələb olunur. Məsələn xalqı heyrətləndirəcək, öz dərdlərini, problemlərini unutdurub, başqalarının dərdləri ilə 9 milyona “laylay çalmaq” kimi. İşsizlikdən domino, nərdtaxta üzrə “çempion” olan rayon, kənd kişiləri uzaq Almaniyada, İsveçrədə camaatın işsilikdən əziyyət çəkdiyini seyr edəndə bir az da olsa öz həqiqətlərindən uzaqlaşmış olurlar. Rüşvətxorluq üzrə dünya siyahısında heç olmasa bizdən bir- iki addım irəlidə olan Avropa ölkələrinin adını eşidəndə hirsimizin üstünə bir az su çilənir. Ətəyini qaldırıb poza verən bir ulduz kəndlərdə, rayonlarda həkimlərin savadsızlığı ucbatından ölən insanlardan, keçimini təmin etmək üçün təhsilindən yayınan uşaqların çarəsizliyindən, universiteti bitirib işlə təmin olunması üçün borca düşüb pul xərcləyən gənclərin vəziyyətlərindən, daha çox işqılandırılır .

Xəbərlər proqramlarının xəbər menyusu adamda ikrah hissi yaradır (aparıcıları da bir başqa aləmdir o da başqa bir yazının mövzusdur). Siyasi xəbərlərin arasına, hardasa hər gün girib

youtoobe deyilən sosial şəbəkdən izlədiyimiz sıxışdırılıb bizə xəbər kimi təqdim olunması məhşur el məsələni xatırladır: “Aşığın sözü qurtaranda daley-daley eliyər” . Bir də bir şivənpərəstliyimiz var. Torpaq sənədləşdirləməsi zəminində yaranan problemlərin ancaq saçyolduyla müşaiyət olunan hissələrini lentə alıb işıqlandırmaq xəbərin “duzu- istiotu” xarakterini daşıyır. Hansısa məhəllədə yaranan qaz-su və s. problemlərindən şikayət edən şikayətçilərdən səsi ən bərk çıxanını ümumi planda götürmək xəbərin baxımlılığını artırmış olur. Bir də görürsən efirdə bir qışqırtı qopub ki, gəl görəsən. Adamın diqqəti dava niyə düşüb, nə üstündə düşübdən çox, kim, kimin başına birinci əl atıb ona yönəlir. Çünki xəbər problem üstündə deyil, dava, qışqırıq üstündə hazırlanıb. Sujetdən sonra isə aparıcının gülümsəyərək “bax belə” dediyi hallara da dəfələrlər rast gəlmişəm. Xəbərlərimiz belə şou üzərində qurulur.

Yazılı halı 2 faylı o tərəf, bu tərəfli doldurmayacaq həcmdə olan bu “informasiya” yığını hər gün, hər gecə üstümüzə tökülür. Şəkərli suyla duş almış kimiyik. Bu problemin kökü hara gedib çıxdığına gəlincə ziddiyyətlər siyahısı uzandıqca uzanır. Amma media ilə əlaqəli bütün çətinliklər iki bir-birinə zidd qütbdə sıxlaşır. İnformasiya və mesaj. İlk baxışdan tamamlayıcı kimi görünən bu iki qütb həqiqətən də bir- birinə əngəl olur. İşin acınacaqlı tərəfi odur ki, qəzetləri saytların əvəz etdiyi bir zamanda Azərbaycanda fəaliyyət göstərən bir çox internet səhifələrində də hər şeydən çox qadın vücudu sərgilənir. Hətta internet qəzetlərin əksəriyyəti “erotik yayım” sərhədlərində gəzinir. Əlbətdəki mənim dərdim erotik yayıma qarşı çıxmaq deyildir. Azad bir cəmiyyətdə hər şey kimi ona da yer vardır. Qərbdə erotizm də, pornoqrafiya da bəlli sərhədlər içərisində

sərbəstdir. Əgər hər şeydə Qərbə, Avropaya qibtə edib, hər iki kəliməmizdə “bütün Avropada belədir” deyib özümüzü onlara bənzətməyə çalışırıqsa bunu da bilməliyik ki, Avropada o cür saytlar ciddi xəbər saytlarından ayrılırlar (Türkiyəni çıxıram). Azərbaycanda isə bütün bunlar bir- birinin içinə girmiş vəziyyətdədir. Manqurtlaşaraq ağlımızı, hisslərimizi itirərkən fərqindəmiyik ki, insan namusu kimi peşə namusumuz də yox etməkdəyik.

Dəyərli jurnalistlərimizdən biri olan Etibar Cəbrayıloğlu bir dəfə söhbətimiz zamanı çox gözəl bir söz dedi. Dedi ki, əslində Azərbaycanda xəbər olacaq bir çox dərin mövzular var sadəcə bunları işləyib xalqa təqdim etməyə, nə həvəs, nə də ki, peşəkarlıq yoxdu. Loru dildə desək media xalqı yola verir.