İçməli suyun keyfiyyətinə tam nəzarət olunacaq

icmeli-suyun-keyfiyyetine-tam-nezaret-olunacaq
Oxunma sayı: 644

“Qafqazinfoya”ya verilən məlumata görə, açılış mərasimində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, yeni su mənbələrinin müəyyən edilməsi, istehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinə daim nəzarət olunması, onun tərkibinin müasir standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya binasının ümumi sahəsi 1800 kvadratmetr sahəni əhatə edəcək və burada ən son texnologiyaya uyğun avadanlıqlar quraşdırılacaq.
Laboratoriya istismara verildikdən sonra İSO-17025 akkreditasiya sertifikatına təqdim ediləcək və bununla da Azərbaycanda aparılan analizlərin nəticələri beynəlxalq səviyyədə (Avropa İttifaqı və Beynəlxalq Səhiyyə Təşkilatı) qəbul olunacaq.
Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun
30-a yaxın parametri öyrənilirsə, yeni laboratoriya istifadəyə verildikdən sonra bu göstəricilərin sayı 75-ə çatdırılacaq.
Yeni laboratoriyada içməli suyun keyfiyyətinə nəzarəti tam təmin etmək üçün mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, parazitoloji, toksikoloji, radioloji göstəricilər, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin ediləcək.
Layihə çərçivəsində su təchizatı sistemində fövqəladə hallar baş verdikdə su nümunələrinin götürülməsi, onların yerində analiz olunması üçün səyyar laboratoriya və nümunə daşıyan maşınların alınması da nəzərdə tutulur. Ümumilikdə yeni laboratoriya kompleksi sutka ərzində paytaxtın 500-dən artıq nöqtəsindən içməli su nümunələrinin götürülməsi və yoxlanmasına imkan verəcək.