İcra başçısı cəbhədəki əsgərlərlə Novruzu qeyd edib

icra-bascisi-cebhedeki-esgerlerle-novruzu-qeyd-edib
Oxunma sayı: 2225

Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd ediblər. 

"Qafqazinfo" xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və məşhur incəsənət xadimləri Müdafə Nazirliyinin Bərdə korpusunun “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gediblər. 

Rayon ictimaiyyəti nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə hərbi hissədə xidmət edən gənclərlə görüşüb, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanıblar. Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən icra başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib.

Natiq prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu bildirib. 

Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.