İcra başçısı hesabat verib

icra-bascisi-hesabat-verib
Oxunma sayı: 1792

Mayın 15-də Nizami Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

"Qafqazinfo" xəbə verir ki, icra başçısı Arif Qasımov 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatla çıxış edərək bildirib ki, cari ilin yanvar-mart aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 108,1 milyon manat məbləğində, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 89,1 faiz çox vəsait yönəldilib. Yanvar-fevral aylarında işçilərin orta aylıq nominal əmək haqqı 642,5 manat olub, rayonda 1020 yeni iş yeri açılıb.

A.Qasımov cari ilin birinci rübündə Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olanlardan 770 nəfərinin münasib işlə təmin olunduğunu, bundan əlavə, prezidentin təşəbbüsü ilə işsiz vətəndaşların 745 nəfərinin haqqı ödənilən ictimai işlərə, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 132 nəfərin cəlb edildiyini nəzərə çatdırıb.

Sonra Rayon Məşğulluq Mərkəzinin direktoru İlqar Şıxəliyev 2019-cu ilin birinci rübündə görülən işlərlə bağlı hesabatla çıxış edib. Yığıncaqda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov Nazirlər Kabinetinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının qaldırdığı məsələlər barədə ətraflı məlumat verib.

Yığıncağın sonunda Qazaxıstanın Alma-Ata şəhərində keçirilmiş “İNFOMATRİX-ASİA” XVII Beynəlxalq Proqramlaşdırma Layihələri yarışmasında bürünc medala layiq görülən 62 №-li məktəb-liseyin VIII sinif şagirdi Eyvazlı Yusif Elşad oğlu, X sinif şagirdi Dəmirçiyev Nicat Xanlar oğlu və onların elmi rəhbəri Aysel Bayramova Arif Qasımov tərəfindən təşəkkürnamə ilə təltif edilib və onlara hədiyyələr təqdim olunub.