İcra başçısı səyyar görüş keçirdi

icra-bascisi-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1617

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyev mayın 13-də rayonun Çinarlı kəndində səyyar görüş keçirib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak edib.

Ötən  dövr  ərzində kənddə 2 məktəb üçün yeni binalar inşa olunub, hər iki kənddə sudurulducu qurğu tikilib, ümumilikdə 6 km uzunluğunda olan mərkəzi küçələr yenidən əsaslı şəkildə təmir olunub. Əkin sahələrindəki şor kollektorları lildən təmizlənib. Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib. M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.

Görüşdə kənd sakinləri tərəfindən əkin sahəsinin yaxınlığından keçən suvarma kanalının torpaq yatağının beton kanalla əvəzlənməsinə köməklik olunması, Çərçili adlanan ərazidəki əkin sahəsinin suvarılmasında istifadə olunan dəmir su keçid borusunun çürüdüyü üçün yenisi ilə əvəz olunması, əkin sahələrinə gedən torpaq özüllü yolun qreyderlə hamarlanması, yaşadığı ərazidəki elektrik dirəklərinin və elektrik xətlərinin dəyişdirilməsi, hazırlanmış layihəyə əsasən çəkilişi gecikdirilən şor kollektorunun çəkilməsinin tezləşdirilməsi, kəndin qəbristanlıq ərazisindən keçən şor kollektorunun lildən təmizlənməsi məsələlərin ilə əlaqədar  müraciətlər edilib.

Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev və Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Dəyanət Abdullayev Çinarlı və Aranlı kəndlərinin əhalisinin problemlərini dinləyiblər.Vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələ yerindəcə həll edilib, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verilib.

Sonda Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edib.