İcra başçısı Yaponiyada - Fotolar

icra-bascisi-yaponiyada
Oxunma sayı: 5630

Azərbaycan və Yaponiya arasında regionlararası əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-dən 9-dək bu ölkədə səfərdə olub.

"Qafqazinfo" xəbər verir ki, səfərin əsas məqsədi iki dost ölkə arasındakı münasibətlər tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və bu məqsədlə Xətai rayonu ilə Tokio prefekturasının Setaqaya şəhəri və İşikava prefekturasının Komatsu şəhəri arasında əlaqələrin qurulması olub.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Səadət Rəhimli və rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov daxil idi.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Yaponiya parlamentində, Xarici İşlər Nazirliyində olub, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə görüşüb, işgüzar müzakirələr aparıblar.

Görüşlərdə nümayəndə heyətinin rəhbəri Razim Məmmədov ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib hazırlanması barədə məlumat verib. Vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu strategiyanın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və dünyanın sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyini möhkəmləndirib.

Cari ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladan icra başçısı xüsusən iqtisadi sahədə əldə edilən uğurlar barədə məlumat verib, yubileylə bağlı Prezident İlham Əliyev və Yaponiyanın Baş naziri Şinzo Abe arasında təbrik məktubları mübadiləsinin həyata keçirildiyini vurğulayıb.

Xətai rayonunun sosial-iqtisadi göstəriciləri barədə məlumat verən icra hakimiyyətinin başçısı əldə edilən uğurlar, həyata keçirilən layihələr barədə danışıb. Xətai rayonunun sosial-iqtisadi inkişafı və Xocalı faciəsinin 25 iliyi barədə nəşrlər qarşı tərəfə təqdim olunub.

Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni işğalçılarının Xocalı şəhərində törətdiyi soyqırımı barədə məlumat verilib, bu faciəyə həsr edilən abidənin məhz Xətai rayonu ərazisində yerləşdiyi qeyd olunub.

Görüşlər zamanı Xətai rayonunda 2015-ci ildə “Kosugi Zohen Co.LTD” şirkəti tərəfindən salınmış “Yapon bağı”nın Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin rəmzinə çevrildiyi xüsusi qeyd edilib.

İki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə qarşı tərəfin nümayəndələri, xüsusilə Komatsu şəhərinin meri Şinci Vada və Setaqaya şəhərinin meri Nobuto Hosaka Azərbaycana səfərə dəvət olunublar.

Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Akiko Santo ilə görüşdə deputat xanım ötən il nümayəndə heyəti ilə görüşü məmnuniyyətlə xatırladığını bildirib. 

Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosu baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM ölkələri üzrə xüsusi nümayəndə Toşihiro Aiki ilə görüşdə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin mühüm uğurlarla qeyd edildiyi, ötən dövrdə qarşılıqlı rəsmi səfərlərin artdığı, iqtisadi əməkdaşlığın genişləndiyi xüsusi vurğulanıb. 

İşikava prefekturasının Komatsu şəhərinə səfər zamanı nümayəndə heyətinin üzvləri şəhərin meri Şinci Vada və şəhər şurasının sədri Toşikazu Umeda ilə görüşərək qarşılıqlı əməkdaşlığın gələcək inkişafı məsələlərini müzakirə ediblər, şəhərin sənaye, təhsil və mədəniyyət obyektləri ilə tanış olublar. 

Əsasən tikinti sektoru üçün texnikanın istehsal edildiyi “Komatsu Ltd” şirkətində nümayəndə heyətinə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verilib. 

Nümayəndə heyətinin üzvləri Komatsu Universitetində, “Komatsu hills” Elm Mərkəzində, Mədəniyyət mərkəzində, “Hikiyama” qalereyasında və “Hiyo” mamır bağında da olublar. 

Komatsu şəhərində keçirilən görüşlər zamanı buradakı müəssislərlə Xətai rayonu arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın Yaponiyadakı səfirliyində keçirilən görüş zamanı səfir Gürsel İsmayılzadə Yaponiya ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirib. Söhbət zamanı Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağının artdığı, respublikamıza səfərə gedən turistlərin sayının çoxaldığı qeyd edilib, səfirliyin fəaliyyəti barədə məlumat verilib.

Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov Yaponiyadakı səfərin təşkilində göstərilən köməyə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, nümayəndə heyətinin Yaponiyaya səfəri səmərəli olub, regionlararası əməkdaşlığı gücləndirmək vəzifəsi uğurla icra edilib.