İcra başçısından dava ilə bağlı – - Açıqlama

icra-bascisindan-dava-ile-bagli-
Oxunma sayı: 3787


Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsində polislə vətəndaşlar arasında toqquşma olması haqda Avropa.info xəbər yayıb. Xəbərdə bildirilir ki, hadisəyə səbəb Gəncədən olan istirahətçilərin Şamlıq meşəsinə buraxılmaması olub. 

Sayt yazır ki, Gəncə sakinləri uzun illərdir ki, yay istirahətlərini Xoşbulaq qəsəbəsində keçirirlər. Adı çəkilən qəsəbənin  bələdiyyə sədri Şamlıq meşə ərazisində əhaliyə istirahət etmələri üçün yerlər satır. İstirahətçilər meşənin vətəndaşlara pulla satılmasına etiraz ediblər: “Bələdiyyə əməkdaşları ilə bir qrup Gəncə sakini arasında baş vermiş mübahisə sonradan toqquşmaya çevrilib. Hadisə yerinə gələn Daşkəsən rayon polsi şöbəsinin bir qrup əməkdaşları istirahətçiləri döyərək onları zorla polis şöbəsinə gətiriblər”. 

Saytın məlumatına görə, istirahətə gələnlər arasında döyülərək ağır xəsarət alanlar da var. Avropa.info bildirir ki, bir qrup Gəncə sakini Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qəbuluna gəlsə də icra başçısı yerində olmayıb. Sakinlərdən bir neçəsinin hazırda hələ də polisdə saxlanıldığı bildirilir.

Musavat.com-a açıqlama verən Daşkəsənin icra başçısı Əhəd Abıyev deyilənləri təkzib etdi: “Tamamilə yalan və böhtan xəbərdir. Heç bir aksiya baş verməyib. Mən özüm iki gündür ki, Xoşbulaqdayam. Şənbə bazar günləri gəlib burda camaatla bir yerdə oluram. İyulun 20 və 21-də Xoşbulaqda iftar süfrəsi təşkil olunub. Qəsəbə bələdiyyəsinin təşiklatçılığı ilə baş tutan tədbirdə Gəncədən gələn vətəndaşlarımız da iştirak ediblər”.

“Heç nə baş verməyibsə bəs niyə bu xəbər yayılılıb” sualına İH başçısı belə cavab verdi: “Görünür bəzi adamlar istədiklərinə nail ola bilmədikdə bu cür yalan məlumatlar yayırlar”.