İcra başçısından yenə şikayət var

icra-bascisindan-yene-sikayet-var
Oxunma sayı: 642

İki həftə öncə qəzetimizdə Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 69 və Mirbəşir Qasımov küçəsi 8 ünvanlarının kəsişməsində yaşayan 30-a yaxın sakinin dövlət rəhbərliyinə etdiyi müraciətlə bağlı məlumat vermişdik.

O zaman sakinlər həmin ünvanda planlaşdırılan bir özbaşına tikinti ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Sakinlər bildirirdilər ki, eni-uzunu cəmi 9x22 metr olan kiçik ərazidə rayon icra hakimiyyətinin sanksiyalaşdırdığı hansısa tikiliyə guya hətta Bakı Şəhər İcra Hakimiyyətindən də sərəncam verilib və bu sərəncamı ara "yat-yut" olana qədər üzə çıxartmırlar. Sakinlərin narahatlığının kökündə duran səbəb o idi ki, həmin ərazidə aparılacaq tikinti Süleyman Rüstəm küçəsinin əyilməsinə, xeyli ağacın kəsilməsinə, şəhərin mənzərəsinin pozulmasına, nəhayət sakinlərin evlərinin qapı-pəncərəsinin sözün əsl mənasında gün işığına qapanmasına səbəb ola bilər.

O zaman qəzetimizin apardığı araşdırmalar nəticəsində Nəsimi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nazim Quliyev bildirmişdi ki, deyilənlər əsassız şayiədir, icra hakimiyyəti orada hər hansı tikinti planlaşdırmır, Bakı Şəhər İcra Hakimiyyətindən guya Baləkən rayon Tülü kənd sakini Həbilov Elçin Qüdrət oğlunun adına verilmiş tikinti sərəncamı barədə deyilənlər də həqiqətə uyğun deyil. Rayon İcra Hakimiyyətindən verilən bu birmənalı rəy sakinlərin narahatlığını səngitsə də, dünən redaksiyamızla əlaqə saxlayan sakinlər yenidən narahatlıq doğuran bəzi məsələlərin meydana çıxdığını bildirdilər. Onların sözlərinə görə, bir neçə gün əvvəl naməlum şəxslər həmin ərazidə olub, müəyyən foto və video çəkilişlər aparıblar. Sakinlər hələ qəti nəticə çıxarmır və bunu hansısa tikintiyə hazırlıq getdiyinin əlaməti kimi yozmurlar. Ancaq hazırlıqların başqa məqsədlərlə aparıla biləcəyini də istisna etmirlər. Bu mənada sakinlər hələ də çəkilişlərin hansı məqsədlə aparıldığına dair suallar qarşısında narahatlıq keçirdiklərini bildirir və ərazidə qanunsuz tikinti planlarının qarşısını almaq üçün dövlət rəhbərliyindən bir daha məsələyə müdaxilə etməsini xahiş edirlər. /baki-xeber.com/