İcra hakimiyyəti açıqlama yaydı - - Fotolar

icra-hakimiyyeti-aciqlama-yaydi-
Oxunma sayı: 2060


Qeyd edək ki, məqalə Nərimanov rayonu, M.Əlizadə küçəsindəki 53 saylı evin sakini Əli Nəbiyevin prezidentə şikayəti əsasında hazırlanıb. Şikayətçi bildirib ki, 1992-ci ildə Xocalı soyqırımında tağım komandiri kimi döyüşərək, əsir düşüb ermənilərin işgəncələrinə məruz qalıb. O deyib ki, Nərimanov İcra Hakimiyyəti onun kreditlə tikdiyi 6 mərtəbəli binanı 2011-ci ildə sökdürüb, 4 ailəni evsiz qoyub. Əvəzində isə heç bir kompensasiya ödənməyib: "Mənə “Xocalı” müəssisəsinin sökülən 2330 kvadrat metr sahəsinin 4 milyon 500 min manatını alacaqlarını və binanı tikdirib bizə verəcəklərini dedilər. İcra başçısının müəssisəmizin köçürülməsinə dair verdiyi sərəncamda yazılıb ki, yeni tikilən binanın sənədlərini “Xocalı” kiçik müəssisəsi almalıdır. Buna baxmayaraq, Abdin Fərzəliyev 2011-ci ilin iyununda öz imzasıyla Kərəm Həsənovdan xahiş edib ki, müəssisəmizin binasının altındakı torpağı özəlləşdirməsin. İcra başçısı üç ildir ki, bizi süründürür. 2 saylı Bakı Inzibati-Iqtisad məhkəməsi və Apelyasiya məhkəməsi qərar qəbul etsə də, icra başçısı dedi ki, prezident “Xocalı” kiçik müəssisəsinə pul verilməməsini şəxsən tapşırıb. Ali Məhkəmə də buna görə qərarı ləğv etdi. İcra başçısı əməllərilə məni özümü öldürməyə məcbur edir. Artıq geriyə yol yoxdur. Düşdüyümüz vəziyyətin aydınlaşdırılması və müvafiq qərar qəbul edilməsini sizdən xahiş edirəm”.

“Qafqazinfo” Nərimanov rayon İH-nin məsələ ilə bağlı açıqlamasını təqdim edir: “Bildiyimiz kimi, ölkəmizdə genişmiqyaslı abadlıq və quruculuq işləri görülür, müasir standartlara uyğun yeni infrastruktur  layihələri həyata keçirilir. Bu işlərin davamı olaraq, Nərimanov rayonunun K. Rəhimov, Ə.Əbdülrəhimov, Ak.H.Əliyev və digər ünvanlarda istismar müddəti keçmiş yaşayış və qeyri-yaşayış binaları sökülərək əvəzində sakinlərə yaxın ərazilərdə müasir standartlara uyğun, milli memarlıq üslubunda yeni binalar tikilmiş, sakinlərə əvvəlki mənzillərindən sahəsi 30%-40% artıq olmaqla tam təmirli yeni mənzillər verilmiş, qeyri-yaşayış sahələrinin əvəzində isə tikilmiş yeni binaların birinci mərtəbəsində tam təmirli qeyri-yaşayış sahələri ayrılmışdır. Bəzi qeyri-yaşayış sahələrinin sahiblərinə isə onların istəyini nəzərə alaraq, yaradılmış xüsusi komissiyalar tərəfindən bazar qiymətlərinə müvafiq olaraq kompensasiyalar ödənilmişdir. 

Abadlıq-quruculuq işləri ilə əlaqədar sökülmüş qeyri-yaşayış sahələrindən biri də K.Rəhimov küçəsi 3 ünvanda yerləşən sahəsi 1720 kv.m olan “Xocalı” kiçik müəssisəsinə məxsus inzibati bina olmuşdur. Məlumat üçün bildiririk ki, həmin inzibati bina 6 mərtəbəli olmaqla, 1-ci və 2-ci mərtəbələr təmirli, digər mərtəbələr isə təmirsiz olmuş və binada lift sistemi mövcud olmamışdır.   “Xocalı” kiçik müəssisəsinin inzibati binası qiymətləndirmə komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilmişdir. Sözügedən müəssisənin direktoru Əli Nəbiyev qeyd olunan məbləğlə razılaşmayaraq əsassız olaraq təklif olunan məbləğdən təxminən 3 dəfə artıq olmaqla 10 milyon manat məbləğində kompensasiya tələb etmişdir. 

Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi cəhətdən inkişaf etmiş ərazilərindən biri olan Ağa Nemətulla küçəsində  “Xocalı” kiçik müəssisəsinin inzibati binasının əvəzində onun əvvəlki sahəsindən 40% artıq olmaqla yeni inzibati binanın tikilib Ə.Nəbiyevə təhvil verilməsi təklif  olunmuşdur. O, bu təkliflə razılaşaraq özünün iştirakı ilə memarlar dəvət olunmuş və istəyinə uyğun olaraq, 7 mərtəbəli (üstəgəl mansard) sahəsi 3340 kv.m olan müasir standartlara uyğun milli memarlıq üslubunda yeni inzibati bina layihələndirilmiş və layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq 2011-ci ilin avqust ayında podratçı şirkət müəyyənləşdirilərək dövlət vəsaiti hesabına icrasına başlanılmışdır. Bina söküldüyü müddətdən 2013-cü ilin oktyabr ayınadək Ə.Nəbiyevə hər ay 4 min manat olmaqla Rayon icra Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına kirayə haqqı öənilmişdir. 2 il ərzində binada yüksək standartlara uyğun olaraq tikinti-quraşdırma və fasad hissəsində işlər tam başa çatdırılaraq, hazırda binanın daxilində təmir işləri həyata keçirilir. Binada lift və mərkəzi istilik sistemi və digər kommunikasiya xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Binanın inşası aparılan 2 il müddətində Ə.Nəbiyev dəfələrlə tikintiyə baş çəkərək aparılan işlərə görə  öz təşəkkürünü bildirmişdir.  

İşlər sona yaxınlaşdığı üçün Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Nəbiyevə  müraciət olunaraq “Xocalı” kiçik müəssisəsinin təsisçilərinin Rayon İcra Hakimiyyətinə dəvət olunması, müəssisənin nizamnamə kapitalına uyğun olaraq pay bölgüsünün aparılması bildirilmişdir. Lakin Ə.Nağıyev bunun hansı məqsədlə edildiyini sual edərək təsisçilərin Rayon İcra Hakimiyyətinə dəvət olunmamaları üçün müxtəlif bəhanələr gətirərək onların gəlmələrinə mane olmuşdur. Ə.Nəbiyevə izah edilmişdir ki, təsisçilərin Rayon İcra Hakimiyyətinə dəvət olunmasında əsas məqsəd onların əmlakının nizamnamə kapitalında qeyd edilmiş pay bölgüsünə uyğun olaraq onlara təhvil verilməsi və sonradan təsisçilər arasında narazılığın yaranmaması, onların məhkəmə orqanlarına müraciət etməməsi üçündür.
Rayon İcra Hakimiyyəti fürsətdən istifadə edərək, sizdən “Xocalı” kiçik müəssisəsinin təsisçiləri haqqında məlumatları  Rayon İcra Hakimiyyətinə təqdim etməyinizi xahiş edir. Bizdə olan məlumata görə “Xocalı” kiçik müəssisəsi 12 nəfər təsisçinin adına rəsmiləşdirilmişdir. Rayon İcra Hakimiyyəti ölkə Prezidentinin tapşırıq və göstərişlərinin rəhbər tutaraq  bütün kateqoriyadan olan imtiyazlı ailələrə xüsusi qayğı göstərir, o cümlədən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinə yüksək həssaslıq göstərilir, onlar tərəfimizdən diqqət və qayğı ilə əhatə olunmuşlar.

“Azadlıq” qəzetinin faktları araşdırmadan Xocalı soyqırımının ildönümü ərəfəsində  həqiqətə uyğun olmayan məlumatların qəzetdə nəşr olunmasını təəssüf hissi ilə qarşılayır və xahiş edirik ki, tərəfimizdən verilmiş dölğun və dəqiq məlumaları nəzərə alaraq, cəmiyyətə həqiqəti çatdırasınız.
“Xocalı” kiçik müəssisəsinin əvvəlki və indiki inşası başa çatan binasının foto şəkillərini sizə göndəririk”.