İcra hakimiyyətində əlbəyaxa dava

icra-hakimiyyetinde-elbeyaxa-dava
Oxunma sayı: 648

Daxil olan məlumatda bildirilir ki, xeyli vaxtdır Heydər Əliyev prospekti 175-də yerləşən mərkəzi xəstəxana ilə üzbəüz binada aprılan kosmetik təmir bina sakinlərinin canını boğazına yığıb. Binada yaşayan 50-yə vaxın mənzilin sakinlərindən 25 nəfəri binada aparılan kosmetik təmir üçün azı 120-140 manat dəyərində xərcə düşüblər. Onlar buna da incimirlər. Narazılıqları isə dam örtüyündən axan su üçün su borusunun təmir başlandığı gündən götürülməsidir. Binada əriyən qarın və yağışın suyu mənzillərin divarını o qədər isladıb ki, otaqlardakı suvaq tökülərək sakinlərə xeyli ziyan dəyib. Onlar bu barədə binanın təmirində məsul şəxslərdən olan, icra hakimiyyətində işləyən Hidayət Rəsulova dəfələrlə şikayət etmələrinə baxmayaraq, o vətəndaşları hesaba almamış, hətta onları kobud surətdə qarşılayıb.

Haqlarını tələb edən mənzil sakinləri bu məqsədlə RİH-nə gələrək icranın müavini Tahir Musayevin qəbulunda olublar. Şikayətə aydınlıq gətirmək üçün müavin H.Rəsulovu yanına çağırıb. Söhbətləri alınmayan hər iki məsul şəxs arasında təhqiramiz söyüşlərlə edilən dava icra hakimiyyətində çalışanların hamısını müavinin otağına yığıb. Dava icradakı polisin və işçilərin sayəsində səngiyib. Şikayətləri həllini tapmayan bina sakinləri isə kor-peşman təmirdən ziyan dəymiş evlərinə üz tutublar. İcra hakimiyyətindən də ümidləri puça çıxan şikayətçilər dərdlərini deməyə yeni ünvanlar axtarırlar.

Məlumatda eyni zamanda qeyd olunur ki, rayonda aparılan quruculuq-abadlıq işləri çox vaxt sahibkarlara və dinc əhaliyə ziyansız da ötüşmür. Şəhəri gözəlləşdirmək məqsədi ilə Heydər Əliyev prospektində yerləşmiş mağaza və digər obyektlərin görkəminin dəyişdirilməsi dövlətin ayırdığı vəsait hesabına deyil, zor-xoş onların sahiblərinin cibləri hesabına görülür.