İcra hakimiyyətində Xocalı anıldı

icra-hakimiyyetinde-xocali-anildi
Oxunma sayı: 1519

Nizami rayonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı rayonda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini qeyd edib.

“Xocalı soyqırımı – əsrin faciəsidir” mövzusunda  məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov ayrı-ayrı dövrlərdə xalqımızın və müqəddəs torpaqlarımızın taleyinin müxtəlif səbəblərdən bir sıra ölkələrin təcavüzünə məruz qaldığını, millətimizin başına böyük bəlaların gətirildiyini, XX əsrin əvvəlləri və sonunda  da Azərbaycan tarixinin ən faciəli anlarını yaşadığını qeyd edib.

Millət vəkili Sədaqət Vəliyeva və Xocalı Rayon İcra Hakimiyyətinin Nizami rayonu üzrə nümayəndəsi Surxay Quliyev Xocalıda baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu bildiriblər.