İcra Hakimiyyətinə qarşı 800 manat rüşvət – İttihamı

icra-hakimiyyetine-qarsi-800-manat-rusvet-ittihami
Oxunma sayı: 651

Səbail rayonu, 20-ci qəsəbə, Nemanzadə küçəsi 47-də yaşayan vətəndaş Zaur Əliyev adıçəkilən rayonun icra hakimiyyətinin yeni qəbul olunan Şəhərsalma və Tikinti məcəlləsinə heç bir əhəmiyyət vermədiyini iddia edir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya məktub göndərən şikayətçi bildirib ki, qanuni istifadəsində olan torpaq sahəsində yerləşən hasarını qaldırmaq istəyib: “Bu ev əvvəl atamın adına olub və torpaq bələdiyyənindir. İndi də öz adıma keçirtmişəm. Əraziyə görə bələdiyyəyə vergi də verirəm. Yeni qəbul olunan məcəllədə nəzərdə tutulduğu kimi maksimal hündürlüyü 2 metr 20 santimetr hasarı qaldırmaq olar. Amma hasarın tikintisi zamanı Səbail rayon İcra Hakimiyyətindən Sahib adlı əmakdaşı daha 2 nəfərlə tikintinin aparılmasına qanunsuz müdaxilə ediblər”.

Onlar mənə tikintinin qanun çərçivəsində aparılmadığını bildiriblər. Halbuki, yeni qəbul olunmuş Şəhərsalma və Tikinti məcəlləsinin 79 maddəsində tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısında məhz bu cür hasarlar da göstərilib”.

Daha sonra ortaq məxrəcə gəlmək üçün İcra Hakimiyyətin çağırılan Z. Əliyev Rayon icra hakimiyyətinin memarının qəbulunda olub: “Orada olarkən memar məndən tikinti barədə icra hakimiyyətinin məlumatlandırılmadığını əsas gətirərək tikintinin aparılmasının qanunsuz olduğunu bildirdi. Lakin hüquqşunasla məsləhətləşdiyimdən məlumatlandırma icraatının bu cür tikintilərə aid olmadığını bir daha söylədim. Memar isə onunla mübahisə etməməyimi və 800 manat pul müqabilində tikintinin aparılmasına icazə verə biləcəklərini dedi. Adi bir hasarın 1 metr yüksədilməsi üçün niyə bu qədər çox məbləğin istənildiyini soruşduqda isə puldan Bakı şəhər İcra hakimiyyətinə də müəyyən pay ayrılacağını söyləyib”.

Bu görüşdən sonra şikayətçi problemini həll etmək ücün Bakı şəhər İcra Hakimiyyətinin Tikinti və Təmir şöbəsinin müdiri Faiq Əliyevlə görüşmək istəyib, lakin Zaur Əliyev 2 həftədir hələ də şöbə müdirinin qəbuluna düşə bilməyib: “İxtisasca həkiməm 220 manat maaşla xəstə anama və ödənişli əsaslarla təhsil alan qardaşıma baxıram. Səbail rayonunun memarı tərəfindən istənilən məbləğ mənim üçün böyük puldur. Korrupsiya qarşı mübarizə idarəsindən bütün bu rüşvət hallarına son qoyulmasını, məcəllənin icrasına nəzarət edən qurumlardan bu özbaşınalıqlara göz yummamalarını xahiş edirəm”.

Gülnar