İcra nümayəndəsi əhaliyə 66 min 221 manat “atdı”

icra-numayendesi-ehaliye-66-min-221-manat-atdi
Oxunma sayı: 647

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Goranboy rayon İcra Hakimiyyəti başçısının Xanqərvənd kəndi üzrə icra nümayəndəliyinin məsul şəxsləri tərəfindən 2008-2012-ci illəri əhatə edən dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməklə dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması müəyyən edilib.

İcra nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən təftişlə əhatə olunan dövr ərzində Xanqərvənd körpələr evi-uşaq bağçasına qanunsuz olaraq 11 işçi, o cümlədən 1 təsərrüfat müdiri, 5 tərbiyəçi, 1 böyük tibb bacısı və sair işçilər qəbul edilərək onlara ümumilikdə 66 min 221 manat məbləğində əmək haqqı hesablanaraq verilib.

Bundan başqa, Xanqərvənd kəndi üzrə icra nümayəndəliyindən fiziki şəxs Məmmədov Vüsal Fikrət oğlunun hesabına 6 min 67 manat pul keçirilərək icra nümayəndəsinin müavini Xəlilov Xəlil İsfəndiyar oğlunun adına həmin məbləğdə dəftərxana, təsərrüfat malları və digər mal-material alınması barədə qaimə-faktura tərtib edilsə də, araşdırmalar zamanı həmin sənədlərin saxta olduğu, qeyd olunan malların mühasibatlıqda uçota alınmadığı, həmçinin onların paylanılması və istifadə olunmasına dair silinmə aktlarının tərtib edilmədiyi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Digər cinayət işi Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kəndi üzrə icra nümayəndəliyinin məsul şəxsləri tərəfindən 2008-2012-ci illəri əhatə edən dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməklə dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması faktına görə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Həsənli kəndi üzrə icra nümayəndəliyindən “Halal”, “Təchizat”, “Sonay-TM” və “Elçin” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin hesablarına ərzaq məhsullarının alınması üçün köçürülmüş 41 min 906 manat məbləğində vəsaitə dair sənədləşdirmələr aparılmasına baxmayaraq həmin məhsullar müvafiq qaimələr tərtib edilmədən vəzifə saxtakarlığı edilərək qanunsuz olaraq məxaric edilib.

Bundan başqa, təftişlə əhatə olunan dövrdə “Herakl-M” MMC-dən məktəbli forması almaq üçün Həsənli kənd orta məktəbinin direktoru Vəzir Hüseynov tərəfindən 1229 manat, Köçəkli kənd orta məktəbinin direktoru Sakit Ağayev tərəfindən isə 1041 manat xərclənməsi barədə sənədləşmələr aparılmaqla mal əvəzinə həmin müəssisədən nağd pul alınıb.