İctimai Palata bəyanat verdi

ictimai-palata-beyanat-verdi
Oxunma sayı: 660

Komitə bəyan edir ki, sərbəst toplaşmaq azadlığına ölkədə xeyli müddətdir tamamilə qadağa qoyulub: “Mitinq və piketlər keçirmək üçün konstitusion hüququndan istifadəyə cəhd edən insanlar haqqında qondarma cinayət işləri açılır və onlar azadlıqdan məhrum edilir. Bəyanatda 2 aprel hadisələri ilə əlaqədar və digər ittihamlarla həbs olunan Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Sahib Kərimov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Elnur İsrəfilov, Elnur Məcidli, Akif Alışlı, Elşən Həsənov, Zülfüqar Eyvazlı, Babək Həsənov, Şahin Həsənli, Vidadi İsgəndərli, Bəxtiyar Hacıyev, Cabbar Savalanlının həbsi pislənir.

Söz azadlığı probleminə də toxunulan bəyanatda deyilir: “Müstəqil medianın sıxışdırılaraq aradan çıxarılması, jurnalistlərin təqib və həbs olunması (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı), vəhşicəsinə öldürülməsi (Elmar Hüseynov) və günahkarların cəzalandırılmaması insan hüquqlarının Azərbaycansayağı qorunması nümunəsidir. Bu günlərdə tanınmış publisist Rafiq Tağı bir neçə bıçaq zərbəsi alandan sonra 4 gün xəstəxanada qalıb. Həkimlərin rəyinə görə, vəziyyətinin yaxşılığa doğru dəyişdiyi bir vaxtda qəflətən vəfat edib. İndiyə kimi Rafiq Tağının qatilinin tapılması istiqamətində, demək olar ki, heç bir nəticə əldə edilməyib, xəstəxanada onun vəziyyətinin qəflətən pisləşməsinin səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat verilməyib”.

Bəyanatda dini azadlıqlar məsələsinə də münasibət bildirilir: “Təhsil müəssisələrində hicaba qoyulan qadağaya qarşı etiraz etdiklərinə görə inanclı insanların şərlənərək absurd ittihamlarla həbs edilməsi və onlar üzərində aparılan məhkəmə iclaslarının yarımqapalı şəkildə keçirilməsi beynəlxalq təşkilatların bu insanları siyasi məhbus kimi tanımasına gətirib çıxarıb. Bununla yanaşı İslam Partiyası rəhbərliyinin ittihamı üzrə keçirilən məhkəmələr də onlara qarşı ittihamların əsassızlığını və qərəzliliyini ortaya qoydu. Heç bir yetərli əsas olmadan Mövsüm Səmədov başda olmaqla partiya rəhbərliyi və fəalları hər biri 10 ildən artıq müddətə azadlıqdan məhrum edilmə kimi son dərəcə ağır cəzaya məruz qoyulublar”.

Bəyantda İctimai Palata adından tələblər də yer alır:

- İctimai Palatanın siyasi motivlərlə və saxta ittihamlarla məhkum edilərək həbs edilən və “Amnesty İnternational” təşkilatının vicdan məhbusu elan etdiyi üzvlərinin və digər fəalların, o cümlədən hicab qadağasına etiraz edərkən həbs edilənlərin qeyd-şərtsiz azad olunması;

- İslam Partiyası fəallarının azadlığa buraxılması;

- sərbəst toplaşmaq və söz azadlığına, siyasi partiyalara qoyulan qeyri-rəsmi məhdudiyyətlərin aradan qaldırılması və s.