İctimai Palata vicdan məhbuslarının azadlığını tələb edir- Bəyanat

ictimai-palata-vicdan-mehbuslarinin-azadligini-teleb-edir-beyanat
Oxunma sayı: 676

“Qafqazinfo”ya daxil olan bəyanatda deyilir ki, İctimai Palatanın qərarı ilə 2 aprel 2011-ci ildə köklü siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 16 nəfəri bir ilə yaxındır ki, həbsdədir.

İctimai Palatanın bəynatında qeyd olunur ki, Bu qanunsuz və ədalətsiz hökmlər ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır, günahsız insanların dərhal azad olunması tələb edilir: ““Amnisty İnternational”, “Human Rigths” və digər beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusları kimi tanınan şəxslərin bu gün də həbsdə saxlanılması, son əfv fərmanının həbsdə olan vicdan məhbuslarından yalnız Cabbar Savalanlıya şamil edilməsi Azərbaycan hakimiyyətinin insan hüquqlarının müdafiəsinə, sərbəst toplaşmaq, fikir və söz azadlığına, eləcə də beynəlxalq təşkilatların tövsiyələrinə münasibətinin göstəricisidir.”

Bəyanat müəlifləri bildirir ki, bu hal Avropada sülh və barışığa xidmət edən “Eurovizion-2012” mahnı müsabiqəsinin final mərhələsini keçirməli olan və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycan Respublikasının imicinə qara ləkədir.

Bəyanatda xatırladılır ki, vicdan məhbusları Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Vidadi İsgəndərli, Bəxtiyar Hacıyev, Sahib Kərimov, Məhəmməd Məcidli, Elnur Məcidli, Şahin Həsənli, Elşən Həsənov, Ülvi Quliyev, Zülfüqar Eyvazlı, Babək Həsənov, Arif Alışlı və Elnur İsrəfilov həbsdə qaldığı müddətdə hakimiyyət nümayəndələrinin ölkədə insan hüquqlarının qorunması və müdafiəsindən, demokratik islahatlardan və Qərbə inteqrasiyadan danışması demokratik düşüncəli insanlarda və beynəlxalq təşkilatlarda inam yarada bilməycək.

İctimai Palata hakimiyyətə müraciət edərək, son zamanlarda dünyada, xüsusən post-sovet məkanında gedən demokratik prosesləri götür-qoy etməyə və günahsız insanları dərhal azad etməyə çağırır.

“Vicdan məhbuslarının yaxın günlərdə azad edilməməsi “Eurovizion-2012” musiqi müsabiqəsində Əliyev rejiminin dünyada ifşa olunmasına, ölkədə siyasi gərginliyin artmasına səbəb olacaq ki, bu halda baş verə biləcək bütün hadisələrin məsuliyyəti Əliyev rejiminin üzərinə düşəcək”, -deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Məhkəmələrin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il, Elnur Məcidli 2 il, Şahin Həsənli 2 il, Vidadi İsgəndərli 3 il və bloger Bəxtiyar Hacıyev 2 il azadlıqdan məhrum ediliblər.

Çıxarılan hökmlərlə əlaqədar apellyasiya şikayətinə baxılan zaman 15 nəfərin hökmü olduğu kimi saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.