İctimai Palatada yeni rəhbərlik

ictimai-palatada-yeni-rehberlik-
Oxunma sayı: 635

Toplantıya sədrlik edən Hacı Ilqar Ibrahimoğlunun verdiyi məlumata görə, Koordinasiya Şurası mühüm qərarlar verib.
Toplantı zamanı Fransa Senatında qondarma erməni soyqırımı haqqında qanunun qəbuluyla bağlı etiraz bəyanatı yayılıb. Qanun layihəsi təsdiqlənəcəyi halda, Ictimai Palata bu qərarın insan hüquq və azadlıqlarına zidd olduğunu əsas gətirərək, hüquqşünasların köməyilə məsələnin Avropa Məhkəməsi müstəvisində mübahisələndirilməsi imkanlarını nəzərdən keçirəcək.
Ölkədə vətəndaşların mülkiyyət hüququnun kobud şəkildə tapdanması da toplantıda müzakirə mövzularından olub. Sulutəpədə yaşayış evlərinin dağıdılması, vicdan məhbusu Tural Abbaslının ailəsinin yaşadığı Səməd Vurğun küçəsi 49 ünvanında yerləşən mənzilindən zorla çıxarılıb, binanın uçurulması, Lənkəranda baş verən hadisələr, Nardarandakı həbslər də toplantı iştirakçılarının diqqət mərkəzində olub. Baş verənlər Azərbaycan hakimiyyətinin repressiv tədbirləri kimi qiymətləndirilib və pislənilib. Ictimai Palata hakimiyyətdən bu məsələlərə son qoymağı tələb edib.

Bundan başqa, Ictimai Palatanın növbəti sessiyasının vaxtı da müəyyənləşdirilib. Yanvarın 8-nə təyin olunan həmin sessiyada Koordinasiya Şurasının 15 nəfərdən ibarət yeni tərkibi seçiləcək. Seçki gizli səsvermə yolu ilə keçiriləcək. Hacı Ilqar bildirib ki, hər siyasi partiyadan namizəd kimi bir nəfər qeydə alınacaq. Onun sözlərinə görə, yalnız Ictimai Palata üzvləri Koordinasiya Şurası üzvlüyünə namizədliyini irəli sürə bilərlər.

Namizədlərin qeydiyyatı 22 dekabrdan başlayaraq, yanvarın 6-sı saat 17:00-dək davam edəcək. Qeydiyyat üçün Məclisin Katibliyinə, Gülağa Aslanlıya və ya Mehriban Vəzirə müraciət etmək lazımdır.