İctimaiyyətdən Milli Məclisə xahiş - siqaretə "yox"

ictimaiyyetden-milli-meclise-xahis
Oxunma sayı: 1050

Bir zamanlar onun insana xeyri haqqında mədhedici yazılar da yazılırdı. Hətta 1910-cu ildə Rusiyada buraxılan məşhur "Osman" markalı papiros qutularının üzərində "Osman: centlmenin idealı, sportsmenin dostu!" sloqanı bütün ölkəni qarış-qarış dolaşırdı. Bu gün isə aparılan mübarizəyə baxmayaraq tütün infrastrukturu öz inkişafının apogeyindədir. Mübarizə dedikdə ən azından "ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan edilməsi" nəzərdə tutulur. Lakin dövlətlər tərəfindən bu bəla ilə mübarizədə çoxsaylı həmlələrin edilməsinə rəğmən, necə deyərlər "çifayda".


Yazının məqsədi nə "qalma qonşudan geri" məsəlinin dediyi yol ilə getmək, nə də ki, siqaretin sağlamlığımıza vurduğu ziyan haqqında danışmaqdır. Onsuz da kiçik yaşlarımızdan məktəbdə və həyatımızın digər növəbəti mərhələlərində onun zərəri haqqında cild-cild məlumatlarla yüklənmişik. Yəqin ki, bu gün hər birimizin həyatına təcavüz edən "siqaret terroru"na öz sözümüzü demək vaxtı gəlib çatmışdır. Təbii ki, bizi məsələnin hüquqi tərəfi daha çox maraqlandırır. Bu məsələnin hüquqi tənzimlənməsinin vaxtı nəinki çatmışdır, hətta biz bu məsələdə gec də qalmışıq.


Bir neçə ay bundan öncə Milli Məclisin yaz sessiyalarından birində bir sıra deputatlar tərəfindən bu məsələnin parlamentin gündəliyinə salınması cəhdləri olmuşdur. Məsələ elə rezonans doğurmuşdu ki, onun haqqında KİV-lərdə günlərlə davam edən silsilə yazılar çıxmağa başlamışdır. Lakin son nəticədə nə oldu?! Milli Məclisdən sitat: "Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını nəzərdə tutan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi yaxın iki il ərzində Milli Məclisdə müzakirəyə çıxarılmayacaq." Səbəb kimi isə "layihə ilə bağlı bir sıra mübahisəli məqamların hələ də həllini tapmaması" göstərilmişdir. Tənzimlənməsi hüquqi və iqtisadi cəhətdən o qədər də mürəkkəb olmayan, hüquqi təkmilləşdirilməsi çox vaxt aparacağı gözlənilməyən bu sahədə permanent durğunluğun əsasında dövlətlərin siyasətinə təsir edə biləcək dünya çapında iri inhisarçı maraqların durduğu heç kimə sirr deyildir. Lakin reallıq ondan ibarətdir ki, bu gün tutün məmulatlarından kütləvi istifadə mövcuddur. Kütləvilik isə öz növbəsində maraqların ictimailəşməsi deməkdir. Maraqlar ictimailəşmə həddinə çatdıqda isə onların dövlət tərəfindən hüquqi tənzimlənməsi labüddür.


2001-ci ildən etibarən ölkəmizdə "Tütün və tütün məmulatları haqqında" Qanun qüvvədədir. İctimai yerlərdə siqaretdən istifadənin qadağan olunması barədə həmin Qanunun 21-ci maddəsində qeydlər öz əksini tapmışdır. Lakin həmin məkanların sayı məhduddur. Məkanların sayının məhdud olmasına baxmayaraq inzibati cərimələrin tətbiq olunduğu yerlərin sayı 21-ci maddədəki göstərilən yerlərin sayından daha da azdır. Belə ki, Qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, iş yerlərində, mehmanxanalarda siqaretin çəkilməsi qadağandır, lakin İnzibati Xətalar Məcəlləsində sanskiya tətbiq olunan məkanlara yalnız ictimai nəqliyyat vasitələrinin daxili məkanları daxildir.


Bundan başqa, Azərbaycan 2005-ci ildə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş "Tütünə qarşı mübarizə haqqında" 2003-cü il Çərçivə  Konvensiyasına qoşulmuşdur. Konvensiya ona qoşulmuş dövlətlərdən milli qanunvericiliyə müvafiq olaraq binadaxili iş yerlərində, ictimai nəqliyyatda, qapalı ictimai yerlərdə və digər ictimai yerlərdə tütün tüstüsünün təsirindən qorunmanı təmin edən səmərəli qanunvericilik, icra, inzibati və digər tədbirlər görülməsini tələb edir. Bundan başqa, Konvensiyanın maraq kəsb edən 21-ci maddəsinə görə tərəflər (Azərbaycan) Konvensiyaya əməl edilməsi barədə onun tərəf dövlət üçün qüvvəyə minməsindən sonrakı 2 il ərzində hesabat verməlidir. Lakin, “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin ən azından müzakirəyə çıxarılmaması bu işdə maraqların toqquşması hallarının mövcudluğunu sübut edir. Halbuki, Konvensiyanın yuxarıda adı çəkilən 21-ci maddəsi ilə bağlı ölkəmizin heç bir qeyd-şərti (bəyanatı) olmamışdır.


Gələcəkdə xalqımızın tibbi sağlamlığı, genefondunun qorunması baxımından ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan olunması tam yerinə düşərdi. Bunu beynəlxalq praktika da sübut edir. Belə ki, artıq dünya üzrə 80%-dən çox ölkədə bu cür qadağa tətbiq olunmaqdadır. Hətta araşdırmalara görə, Türkiyədə 2008-ci ildən qüvvədə olan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanunün qüvvəyə minməsindən 2 il ərzində siqaret çəkənlərin sayı 20% azalmışdır. Bir sıra ölkələrin praktikasında siqaretin tərgidilməsi üzrə "qaynar xətt"lər də fəaliyyət göstərir ki, bu cür analoji mexanizmlər haqqında çox danışmaq olar.

Ümid edirik ki, mütərəqqi beynəlxalq praktikaya istinad edilərək yaxın zamanda ölkəmizdə adı çəkilən problemin həlli istiqamətində qanunverici orqan tərəfindən lazımi iradə nümayiş etdiriləcək və artıq ictimai hal almış bu fəsada layiqli cavab veriləcəkdir. Təəccüblü deyildir ki, ölkəmizin idman-sağlamlıq hərəkatında aparıcı qurumu olan Milli Olimpiya Komitəsinə bilavasitə rəhbərlik edən şəxs olaraq Prezident İlham Əliyev öz çıxışlarında "İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir, prioritet məsələdir" fikrini dəfələrlə səsləndirmişdir.


Öz növbəsində "Azərbaycan Hüquq İslahatları Mərkəzi" ictimai birliyi qanunverici orqana müvafiq qanun layihəsinin hazırlanması üçün vətəndaş cəmiyyəti nümayəndələrindən və aidiyyəti ekspertlərdən ibarət İşçi Qrupun formalaşdırılması və layihənin tərtib edilməsi işində öz dəstəyini verməyə hazır olduğunu ifadə edir.

h.e.f.d. Anar Bağırov
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri,
Vəkillər Kollegiyası Rəyasət Heyətinin və
Hakimlərin Seçki Komitəsinin üzvü