İctmai Palata media dinləmələri keçirdi

ictmai-palata-media-dinlemeleri-kecirdi
Oxunma sayı: 645

Müsavat Partiyasının qərargahında keçirilən dəyirmi masada İctimai Palata rəhbərliyi, media kapitanları, jurnalist təşkilatlarının rəhbərləri, ziyalılar, mətbuat yayımı firmalarının təmsilçiləri iştirak ediblər.

“Musavat.com” portalının məlumatına görə, dəyirmi masada çıxış edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev media sahəsində vəziyyətin pisləşdiyini deyib: “Elmar Hüseynovun ölümündən sonrakı vəziyyətə bənzəyir. Aparılan siyasət hakimiyyətin medianı qoxutmaq və çərçivəyə salmaq istəyinə bənzəyir. Mətbuata, xüsusilə “ Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı dağıdıcı məhkəmə qərarları verilib. Həmçinin Rafiq Tağının ölümü mediaya olan basqının ciddi bir hissəsidir. 120 çap orqanı var, amma onların gəlirləri yox səviyyəsindədir. Reklam bazarını yox ediblər. Qəzetlərin yayımına qadağaları isə günü-gündən sərtləşdirirlər. Yeni yaradılan köşklərdə qəzetdən başqa nə istəsən satırlar.

Bütün bunlardan çıxış yolu isə səfərbər olmaqdır. Siyasi partiyalar, QHT-lər, azad sözün tərafdarları, Mətbuat Şurası bu mübarizəyə cəlb olunmalıdır. Mətbuatın inkişafının konsepsiyası hazırlanmalıdır”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu olduqca çətin, maddi və mənəvi terror əhatəsində çalışdıqlarını qeyd edib: “Hazırda mətbuata onun fəaliyyətinə qarşı məhdudlaşdırma proqramı işə salınıb. Cəmiyyətin demokratik kəsimləri, cəmiyyət özü güclü olanda bizə təzyiqlər az olur. Bu gün mətbuat uçuruma gedir. Elmar Hüseynovun ölümündən sonra mətbuata gənclərin axını dayanıb. Artıq valideynlər övladlarının jurnalist peşəsinə yiyələnməsini istəmirlər”.

Rauf Arifoğlu qəzet yayımına olan qadağalar və “Yeni Müsavat” qəzetinin üzləşdiyi məhkəmə çəkişmələri ilə bağlı da məlumat verib: “Köşklərin və səyyar yayımın dayandırılması qan damarlarımızın məhv edilməsi kimidir. Reklam bazarı olmadığından “Yeni Müsavat” yalnız yayımdan qazanır. Aylıq məsrəflərimizin həcmi 40-50 min manat arasında dəyişir. Qəzet yayımına yaradılan əngəllər nəticəsində biz gündə 1700 tiraj itiririk. Təkcə 40 gündə qəzetimiz 14 min manat itirib. Bu günlərdə “Qasid”in 120 ədəd köşkünü götürüb yerinə 70-ni qoyublar. Yeni köşklərdə köhnə qəzetlər təklif olunur. Köşklərin yığışdırılması hakimiyyətyönlü qəzetlərə də ziyan vurur və onların sahibləri arxa söhbətlərdə bunu etiraf edir”.

Dinləmələrin yekununda İctimai Palata ölkədə mətbuat azadlığı ilə bağlı yaranmış böhranlı vəziyyət haqqında bəyanat yayıb.