İDEA Lənkəranda xeyriyyə aksiyası keçirib

idea-lenkeranda-xeyriyye-aksiyasi-kecirib
Oxunma sayı: 959

İDEA İctimai Birliyi  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FA0) təşkilatı, Heydər Əliyev Fondunun “Regional  İnkişaf” ictimai birliyi və “Cavan” Gənclər Hərəkatı ilə birlikdə meyvə bağları salmaq aksiyaları keçirir. Bu məqsədlə ayrı-ayrı rayonlarda aztəminatlı ailələr üçün meyvə bağları salınır.

"Qafqazinfo" xəbər verir ki, İDEA İctimai Birliyi növbəti aksiyasını Lənkəranda keçirib. Rayonun Moğonojba kəndi ərazisində yeni çəkilən Ələt-Astara magistral avtomobil yolunun kənarında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş 2 şəhid ailəsinə və 1 nəfər üzvü Qarabağ veteranı olan aztəminatlı ailəyə təqdim olunmuş ümumi sahəsi 2 hektar olan torpaq sahəsində ekzotik sitrus meyvəsi olan feyxoadan ibarət 3 meyvə bağı salınıb. Bağlarda ümumilikdə 1100 ədəd məhsuldar növlü feyxoa ağacı əkilib.

Bu münasibətlə keçirilən mərasimdə İDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FA0) təşkilatının, Heydər Əliyev Fondunun “Regional  İnkişaf” ictimai birliyinin, “Cavan” Gənclər Hərəkatının könüllüləri, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rəsmi şəxslər, rayon ictimaiyyətinin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Mərasimi açan İcra başçısı Taleh Qaraşov qeyd edib ki, İDEA İctimai Birliyinin həyata keçirdiyi xeyirxah təşəbbüslər bundan sonra da rayon gəncləri tərəfindən dəstəklənəcək. Sonra İcra başçısı feyxoa ağaclarının əkildiyi torpaq sahələrinin mülkiyyət hüququna dair şəhadətnamələri Aprel döyüşləri zamanı şəhid olmuş Ağayev Rusif İbrahim oğlunun atası Ağayev İbrahim Rəhim oğluna, İslamov Əlizamin Fərrux oğlunun anası Kərimova Hurinisə Şahrza qızına və Qarabağ müharibəsi veteranı Ağayev Sayyad Abasqulu oğluna təqdim edib. Sonra İcra başçısı, qonaqlar və şəhid ailə üzvləri ilə birgə ağac əkiblər.

Mərasimin sonunda milli müsiqi sədaları altında gənclərin flaşmob aksiyası keçirilib.