İdman mətbuatının erotik yazarı

idman-metbuatinin-erotik-yazari
Oxunma sayı: 1700

Futboldan, yəni sevmədiyim sahədən danışmaq mənlik deyil. Yaşımdan Qobustan abidələri kimi toz-torpaq tökülür, hələ də anlamıram ki, 22 kişinin qovduğu top niyə adamlarda bu qədər həyəcan yaradır. Mənim işim mətbuatladır, xüsusilə də peşəkar jurnalistlərin yetişməsinin tərəfdarıyam.

Son illər idman yazarları ilə sıx münasibətdə olmağım nəticəsində tam əmin olmuşam ki, bu sahənin adamları üçün mütləq peşəkar kurslar təşkil olunmalı, etik qaydalar öyrədilməlidir. Hətta iki yazar - Elnur Əşrəfoğlu ilə Əli Sahib “Neftçi” komandasının üstündə bir-birlərini söyüş atəşinə tutanda beynəlxalq təşkilatlardan bir neçəsinə müraciət etdim ki, idman mediası üçün təlimlər təşkil etsinlər. Alınmadı. Sən demə, idman mətbuatında çalışanların böyük əksəriyyəti özlərini dahi bilir, peşəkar təlimləri vaxt itkisi hesab edirlər.

İnsafən bu sahədə Coşqun Eldaroğlu, Rəşad Ergün, Saleh Arslan, Kənan Məstəliyev, Rəsul Şükürsoy kimi istedadlı gənclər var. Amma idman mətbuatı deyəndə ilk ağıla gələn “Futbol+” qəzeti olur. Elə adını çəkdiyim yazarlar da bu qəzetin şinelindən çıxanlardır. Qəzetin baş redaktoru Mahir Rüstəmlinin istedadına və peşəkarlığına isə media aləmində şübhə edən yoxdur. Bəs belə olan halda niyə onun rəhbərlik etdiyi qəzetdə bu qədər qeyri-etik, jurnalistika prinsiplərinə hayqıran yazılar yer alır? Məgər qəzetin tirajı artsın deyə mütləq kiminsə yataq otağı səhnələşdirilməlidir?

Söhbət qəzetin son saylarından birində yer alan Həbib Aslanov adlı şəxsin jurnalistikadan kənar “Anar müəllim, o qız işdən çıxsa, məni “Simurq”da görməyəcəksiz” başlıqlı yazısından gedir. Məqaləni oxumayanlar üçün deyim ki, müəllif futbolçuların Antalya səfərindən yazıb. Məqalədən belə bəlli olur ki, yanvarın 20-də Bakını tərk edən 5 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində “Simurq”un icraçı-direktoru Vaqif Əliyev, mətbuat katibi Rüstəm Allahverdiyev, fotoqraf Leyla Səttarova (“Leka” kimi tanınır), operator Nazim Əfəndiyev və Həbib Aslanov varmış. Yolboyu yazı müəllifi rahatlıq tapmayıb ki, niyə 22 yaşlı fotoqraf xanım onlarla gedir. Nəhayət, öyrənib ki, L.Səttarova şəhid qızı olduğuna görə komandada işə götürülüb, Antalyaya da iş üçün gedir.

Yazının sonrası adını heç vaxt eşitmədiyim İlkin Qırtımov adlı futbolçunun gecə Leka ilə danışmasına, onun otağın getməsinə və məqalə müəllifi ilə həmkarı Rüstəm Mikayıllının onları güdməsinə həsr olunub.
Yazıya göz gəzdirmək yetər ki, naşı qələmdən çıxdığını görəsən. Hiddət, qərəz və qısqanclıq ruhunda yazıldığını anlamaq üçün də peşəkar olmaq gərəkmir. Bununla belə, İ.Qırmatovun ictimai şəxs olduğunu nəzərə alıb, həyatının gündəmə gətirilməsini məqbul saymaq olardı. Ancaq yazıda adıkeçən, üstəlik aşağılanan şəxs təkcə futbolçu deyil, 22 yaşlı xanımdır.

Yazıdan bəlli olur ki, Həbib Aslanov adlı şəxs jurnalistika ilə yaxından-uzaqdan əlaqəsi olmayan, işsiz qalmasın deyə qəzeti seçən, klubların hesabına ölkələri gəzən və son nəticədə də ağlına gələni yazan əyalət təfəkkürlü birisidir. Əgər bir adam yolboyu “22 yaşlı bu xanım futbolçuların arasında nə edəcək” deyə düşünürsə, deməli, onda hələ cinsi tərbiyə formalaşmayıb. Beləsi üçün mətbəxdən kənardakı bütün qadınlar namussuz, bütün həmcinsləri isə əxlaqsızdır. Adam bilmir ki, özəl həyat deyilən bir anlayış var və bu cür yazılar yazılarkən ictimai çəkisi olmayan insanların adı çəkilə, nüfuzu zədələnəcək ifadələr işlədilə bilməz.

Bundan başqa, yazıda bir neçə dəfə xanımın atasının şəhidliyi məsələsi qabardılır. Müəllif sanki bununla onun atasının adına belə kölgə salmaq istəyir. Hansı haqla? Axı Həbib Aslanov Qırtımovun o otağa niyə getdiyini və ya nə etdiyini haradan bilir? Üstəlik, lap onun düşündüyü kimi olsa belə, bunun şəhidliklə nə əlaqəsi var?
Bəs o yazını səhifəyə qoyub tirajlayan Mahir Rüstəmli nə düşünüb? Axı, bir peşəkar kimi yaxşı bilir ki, yazıda adıçəkilən qadın adi bir fotoqrafdır, onun şəxsi həyatını gündəmə gətirmək təkcə etik deyil, həm də hüquqi pozuntudur. Çünki “KİV haqqında” Qanunun 10-cu maddəsində deyilir ki, KİV-dən sui-istifadə yolverilməzdir. Qanunun 59-cu maddəsi də buna görə məsuliyyət müəyyən edir. Buna görə cinayət məsuliyyəti, mülki məsuliyyət, digər hüquqi məsuliyyət növləri var. Şəxsin özəl həyatına müdaxilə isə Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə cinayət məsuliyyəti hesab olunur.
Normal ölkələrdə adı bu cür hallandırılan insanlar məhkəmələrə müraciət edib, adamın sonuncu şalvarına qədər əlindən alarlar. Normal ölkələrdə, ümumiyyətlə, Həbib Aslanov təfəkkürlü adamı qəzetdə satıcı kimi də işə götürməzlər.

Məgər Mahir Rüstəmli bilmirmi ki, qəzetinin 3-5 nüsxə artıq satılması üçün 22 yaşlı bir qızın həyatını alt-üst edir, gələcəyini kölgələyirlər? Yoxsa bu ölkəyə “Lider” azlıq edir, indi də “Futbol+” insanların yataq otağını güdməyə başlayıb?
Bilmirəm, o xanım özündə cəsarət tapıb şərəfini qorumaq üçün məhkəməyə üz tutacaq, ya yox, amma mütləq qadın təşkilatları onun müdafiəsinə qalxmalı, etik çərçivəni aşdığı üçün “Futbol+” qəzeti qınaq obyektinə çevrilməlidir. Bəlkə bu yolla medianı üz qaralarından qurtarmaq olar. Bəlkə o zaman Həbib Aslanov kimilər başqasının anası, bacısı, həyat yoldaşı .... haqqında yazanda öz evindəkiləri də gözünün qabağına gətirər. Axı, bütün qardaşlar bacısını hamıdan tərbiyəli, həyat yoldaşını hamıdan əxlaqlı sayır...