İdmançı ilə eks-nazirin qardaşı oğlunun 200 minlik davası - Yenilənib

idmanci-ile-eks-nazirin-qardasi-oglunun-200-minlik-davasi
Oxunma sayı: 6926

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. 

Bugünkü prosesdə baxış iclası keçiriləcək. Prokurorun ittiham aktını elan edəcəyi gözlənilir. 

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. 

E.Məmmədov  Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır. 

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib. 

Prosesdə dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib, R.Heybətov özünü təqsirli bilmədiyini deyib. 

Zərərçəkmiş  Elnur Məmmədov 65 min manatlıq mülki iddia qaldıraraq ona dəymiş zərərin ödənilməsini istəyib. 

O ifadə verərək deyib ki, R.Heybətovu 10 ildən çoxdur tanıyır: "Bir yerdə çörək kəsmişik, 2015-ci ildə idman maşınımı 125 min manata satdım. Təzə maşın almaq istəyirdim, Rövşən dedi gəl biznes quraq. İş üçün 210 min dollar lazım idi, atamla məsləhətləşdim. Rövşənlə atam danışdı, atam ona dedi ki, pula görə sən cavabdehsən. Rövşən razılaşdı,  atam da xeyir - dua verdi. Bankdan da 100 min götürüb Rövşənə 200 min dollar verdim. İki idmançı ilə birgə Türkiyəyə getdilər. Mən də Türkiyəyə getdim, ora çatanda o uşaqlar mənə dedilər ki, Rövşən qəza törədib. Xəstəxanaya getdim, dedi boynum qırılıb, gördüm sağlamdır. Pulu soruşdum, dedi "nə pul? Maşından aparıblar". Polisə getdik, ifadə verdi, polis dedi maşında pul olmayıb. Rövşən o puldan ümumi olaraq 144 min dollar qaytarıb". 

Proses fevralın 2-də davam etdiriləcək. 

Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub. 

Murad Əhməd