İdmançımız dünya rekorduna imza atdı

idmancimiz-dunya-rekorduna-imza-atdi
Oxunma sayı: 655

Belə ki, 69 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançımız təkanla qaldırmada yeniyetmələr arasında dünya rekordunu yeniləyib. 17 yaşlı ağır atletimiz əvvəlcə birdən qaldırmada mübarizəyə qoşulub. Əvvəlcə 126, sonra isə 130 kq-lıq ştanqı başı üzərinə qaldıran Firudin, 133 kq-ın öhdəsindən gələ bilməyib. Bu nəticə ilə o, birdən qaldırmada 9-cu yeri tutub.

Ancaq millimizin üzvü bu uğursuzluqdan sonra ruhdan düşməyib və gücünü toplayaraq fantastik nəticə göstərib. Firudin Quliyev təkanla qaldırmada 173 kq çəkini başı üzərinə qaldıraraq 10 illik həsrətimizə son qoyub. Sonuncu dəfə 2001-ci ildə hazırda yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi olan Nizami Paşayevin qazandığı gümüş medaldan sonra, Azərbaycan milli komandası gənclərin yarışında medal üzünə həsrət idi. 17 yaşı olan idmançının 20 yaşlı həmkarları arasında belə uğur qazanması sadəcə, möhtəşəmdi.

2005-ci ildə Slovakiyanın Trençin şəhərində keçirilən Avropa çempionatında Albaniya idmançısı Erkand Gerimay 172 kq çəkini təkanla qaldırmışdı. Firudin Quliyev 6 ildi qüvvədə qalan və üstələnməyən bu nəticədən 1 kq artıq qaldıraraq müasir Azərbaycan idman tarixinin ən perspektivli, ən istedadlı, ən bacarıqlı idmançılarından birini olduğunu sübut edib. Firudin əvvəlcə 167 kq-ı qaldırıb. Daha sonra 171 kq-ın öhdəsindən gələn Quliyev, son cəhdində dünya rekordunu sifariş verib. Növbəti mövsümdən etibarən yaşına görə yeniyetmələrin yarışında iştirak edə bilməyəcək idmançımız üçün bu, rekord üçün son şans idi. 173 kq çəkini qaldıraraq o, həm təkanla qaldırma hərəkətində Avropa çempionu adını qazanacaq, həm də dünya rekordçusu olacaqdı. Gənc, enerjili, böyük istedada malik ağır atletimiz bu iki vacib hədəfin öhdəsindən mahircəsinə gəldi. Toplamda 303 kq (130 kq + 173 kq) nəticə göstərən idmançımız ümumi nəticədə bürünc medala yiyələndi.

Bu çəkidə daha bir gənc atletimiz də iştirak edib. 2010-cu il yeniyetmələr arasında Sinqapur Olimpiya Oyunlarının qalibi olan Nicat Rəhimov, karyerasında ilk dəfə gənclər arasında Avropa çempionatına qatılıb. Nəzərə alsaq ki, bu onun ilk belə yarışıdı, göstərilən nəticəni qənaətbəxş saymaq olar. Birdən qaldırmada 132 kq, təkanla qaldırmada isə 155 kq çəkini başı üzərinə qaldıran Nicat, toplamda 287 kq nəticə ilə ümumi sıralamada 8-ci yeri tutub.