İdmançımız dünya rekordunu qırdı

idmancimiz-dunya-rekordunu-qirdi
Oxunma sayı: 653

Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyinə start verilib. Yarışda Azərbaycan ağır atletlərindən ilk olaraq Valentin Xristov körpücük üzərinə çıxıb.“Qafqazifo”nun məlumatına görə, bu barədə ANS PRESS Azərbaycan ağır atletika federasiyasından xəbər alıb. Böyüklər arasında ikiqat Avropa çempionu olan idmançımız, 62 kq çəki dərəcəsində mübarizə aparıb. Fantastik çıxış edən atletimiz dünya çempionu adını qazanıb. O, qələbə ilə yanaşı, dünya rekordunu da yeniləyib.

Birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirən Xristov, əvvəlcə 130, sonra 135, sonda isə 138 kq çəkinin öhdəsindən gəlib. Bu nəticə ilə o, bu hərəkətdə qızıl medala yiyələnib.

Təkanla qaldırma hərəkətində Valentin əvvəlcə 166 kq-ı ram edib. Hadisələrin sonrakı axarı isə maraqlı alınıb. Rəqiblərinin heç biri ondan daha artıq çəkini qaldıra bilmədiyindən o, cəmi bir yanaşma ilə həm təkanla qaldırmada, həm də toplamda qızıl medalları təmin edərək dünya çempionu adını qazanıb.

Belədə Xristov təkanla qaldırmada gənclər arasında dünya rekordunu yeniləmək qərarına gəlib. İlk cəhdi uğursuz alınsa da, üçüncü yanaşmasında istəyinə çatıb. 178 kq çəkili ştanqı başı üzərinə qaldıran Xristov, çinli Yanq Fanın 2007-ci ildə Tayvanda müəyyənləşdirdiyi rekordu (177 kq) yeniləyib.

Toplamda 316 kq (138 kq + 178 kq) nəticə ilə dünya çempionu olan Xristov, dünyada rəqib tanımadığını sübut etməkdə davam edir. Ardıcıl Avropa çempionluqlarından sonra, indi də titulları arasında gənclər arasında dünya çempionluğunu yazdıran Valentini, hələ daha böyük uğurların gözlədiyi şübhəsizdir. Hələ cəmi 19 yaşı olan atletin qazandığı bu uğurun axırıncı yox, axarıncı olmasına inanırıq.