“İdmanı siyasətdən uzaq tutmaq istəsək də...” - Firdovsi Umudov

“İdmanı siyasətdən uzaq tutmaq istəsək də...”
Oxunma sayı: 832

Həftəsonu Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirildi.  “Qafqazinfo” xəbər verir ki, 37 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 31 üzvü iştirak edib.

Aprel ayında Kaspiyskdə baş tutacaq Avropa çempionatı öncəsi yığma üzvlərinin sınaqdan keçirilməsi baxımından turnirin əhəmiyyəti böyük idi. Bu məqsədlə Federasiya rəhbərliyi və yığma komandaların məşqçilər korpusu bütün əsas güləşçilərin turnirdə iştirakını məqsədəuyğun sayıb.

Artıq 22-ci dəfə baş tutan Kiyev turniri hər il gərgin mübarizələrlə yadda qalır. Bu dəfə də belə oldu. Yarışda iştirak edən Olimpiya, Dünya və Avropa çempionları və mükafatçılarının çoxluğu bunu deməyə əsas verir.

Azərbaycan yığma komandasının heyəti də kifayət qədər titullu idmançılardan ibarət idi. Olimpiya və Dünya çempionumuz Şərif Şərifov, Olimpiya mükafatçısı və 3 qat Dünya çempionumuz Hacı Əliyev, Olimpiya mükafatçısı və 2 qat Avropa çempionumuz Cəbrayıl Həsənov, Dünya və Avropa çempionumuz Həsən Əliyev, Olimpiya mükafatçısı Sabah Şəriəti, Avropa çempionu Rafiq Hüseynov və adını çəkmədiyimiz digər perspektivli və gənc güləşçilər. 

Ümumilikdə güləşçilərimizin turnirdə çıxışı Federasiya rəsmiləri və məşqçilər tərəfindən razılıqla qarşılandı. AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudov da ilk gündən güləşçilərin mübarizəsini yarış zalında izləyir, yeri gəldiyində öz tövsiyyələrini verirdi.

Yarışın yekununu dəyərləndirən Firdovsi Umudov güləşçilərimizin çıxışından razı qaldığını bildirsə də, bəzi səhvlərin olduğunu və qarşıdakı təlim-məşq toplanışlarında onları aradan qaldırmaq üçün çalışacaqlarını deyib:

“İlin əvvəlindən əsas məqsədimiz hazırlıqları maksimum keyfiyyətlə başa vurub qarşıdan gələn yarışlarda uğurla çıxış etməkdir. Bu turnirdə iştirak da hazırlığımızın tərkib hissəsidir. Turnirə qədər isə Qazaxıstan və Türkmənistan yığmaları ilə birgə iki təlim-məşq toplanışı keçmişik. Komandalarımız Avropa çempionatına qədər də daha bir neçə təlim-məşq toplanışına qatılacaq. Sərbəst güləş yığmamız aprelin əvvəlində Dünya Kubokunda mübarizə aparacaq. Bu turnirin yekunlarına görə həm Dünya Kuboku, həm də bütün komandalar üzrə Avropa çempionatına yollanacaq heyəti müəyyənləşdirəcəyik. Turnirin bizim üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, çatışmazlıqları görürük. Burada da müəyyən fərdi səhvlər oldu. Düşünürəm ki, növbəti yarışlara qədər bu çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Ancaq ümumi nəticə onu deməyə əsas verir ki, biz düzgün yoldayıq”.

Güləşçilərimizdən Qalib Əliyev, Taleh Məmmədov, Elvin Mürsəliyev, Həsən Əliyev, Orxan Nuriyev və İslam Abbasov turnirdə Ermənistan təmsilçiləri ilə qarşılaşıb. İdmançılarımız bu görüşlərin beşini qələbə ilə başa vurub. Bu görüşlər zamanı pəhləvanlarımız əzmkarlığı, qətiyyətli mübarizəsi ilə yadda qaldı. Onların bu əzmkarlığı arenaya toplaşmış azarkeşlər tərəfindən də alqışlarla qarşılandı. Güləşçilərimizin özləri isə “Xalçada ancaq rəqib var, qırmızı və ya göy geyimdə. İdmanda rəqibə qarşı qərəz yolverilməzdir. Ancaq düşmən ölkənin idmançıları ilə mübarizədə biz ikiqat artıq motivasiya olur, bəzən lazımından artıq güc sərf edirik ki, qalib gələk. Bu turnirdə belə görüşlərin beşində qalib gəldik. Bu kiçik qələbəmizi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edirik”. – deyiblər.

1-ci vitse-prezident Firdovsi Umudov işğalçı ölkənin idmançıları ilə mübarizədə idmançılarımızın əzmkarlığının hər bir azərbaycanlıda qürur hissi yaşatdığını bildirib:

“İdmanı siyasətdən uzaq tutmaq istəsək də, bəzən milli məsələlərdə buna göz yummaq lazım gəlir. Hansı idman növü olursa olsun, idmançılarımızın erməni rəqibləri ilə qarşılaşmada meydanı başı uca tərk etmələri hər bir Azərbaycan vətəndaşını sevindirir, qürurlandırır. Bu gün bu idmançılarımız öz əzmkarlıqları ilə rəqiblərinə qalib gəlib. Bu turnir artıq başa çatdı. Yarışda udmaq da var, uduzmaq da. Bu qələbə də artıq geridə qaldı. Bir məsələ var ki, Xocalı soyqırımının ildönümü ərəfəsində bizim erməni rəqiblərimizə uduzmağa mənəvi haqqımız yox idi. Bu qalibiyyət üçün güləşçilərimizə təşəkkür edirəm. Bu gün işğalçı Ermənistan müvəqqəti olaraq bizim torpaqlarımıza sahiblənir. Əminik ki, cənab Ali Baş Komandanın başçılığı altında tezliklə haqq-ədalət öz yerini tapacaq və biz əzəli torpaqlarımıza əbədi sahib olacağıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi