İftar süfrəsindəki soyğunçular

iftar-sufresindeki-soyguncular
Oxunma sayı: 681

Raminə Eyvazqızı

Sosial şəbəkədə dini mövzuda sual, rəy müzakirəyə çıxarılanda ehtiyatla davranıram. Çünki halalca fikrini deyən kimi, hucuma məruz qalırsan. O gün "iftar süfrəsində nə yeyilməlidir" mövzundakı söhbət seyidin hamamda paltarla çimməsinin vacib olduğuna qədər gedib çıxdı. Deyəcəyim olsa da, susdum. 

Seyid məsələsi  da son vaxtların əsas mövzusudur. Seyid vəsiqəsi, ardınca seyid diplomunun təsis olunması və bu cür ağlasığmaz işlərə ilahiyyatçıların tutarlı reaksiyasının verilməməsi, gülüb keçməsi təəssüf doğurur. Seyid adının verilmə zərurəti belə müzakirəyə çıxarılmır. Çoxu özünə bu adı verməklə kiminsə cibinə girir, ağlını alır, özünə qarşı xof yaradır.

Ramazan ayının son günlərini yaşayırıq. Oruc tutmaq hər kəsin şəxsi işi və yaradanla bildiyidir. Amma elə bil bu ayda çoxu "oruc adamam" deyə-deyə pis vərdişlərini sırımağa çalışır. Yenə oruc tutaraq arıqlamaq istəyənlər  liderliyini qoruyurlar. Ardınca qənatçilər bu aclığı dini ibadət olmaqdan çıxarırlar. Kiminsə anasını ağladanlar arasında ac qalmaq istəyəni yoxdur. Belələri il boyu yeyib doymayanlardır, onların qarnı ac qalca belə, gözləri və əlləri daimi "işləyəndir". 

Bir qrup da var orucluq vaxtı özünü hamilə qadınlar kimi aparır. İftara heç vaxt xatırlamadağı qidalardan arzu edir. Təmiz niyyətlə, dinlə, imanla tutulan, nəfsinə qalib gələn insanların orucu isə qibtə ediləndir. Allah hər kəsin orucunu qəbul eləsin! Oruc insanın məqsədi  haqqında  fikir yürütməklə kiminsə doğru və ya yalnış ibadətinə dil uzatmaq həddində deyiləm. Amma müşahidə üçün  ağlımızı da Yaradan verib.

Misal üçün, "filan müğənni iftar süfrəsi verdi" xəbərini eşidirsən. Məlum olur ki, həmin süfrədə  8-10 min dollara toy tutan müğənnilər başda oturub. Qonaqlar arasında "ucuz" (onların dili ilə) adam yoxdur. Kiminsə oruc tutmasına isə qarışmıram. İndi sual olunur, bu süfrə açan müğənninin dostları və sövdələşmədə problemi olmayanları bura yığmaqda məqsədi nədir? Hörmətli Şeyximizin təəbirincə desək, məqsəd özünü göstərmək, "səxavət"ini reklam etməkdir. (Baxmayaraq ki, dini liderimizin açdığı süfrələrdə də ehtiyacı olan adam olmur. ) Həmin o "10 min dollarlıq" müğənnilərin ürəyinin təmiz olmasını başqa yerdə görmək arzusundayıq. Xeyriyyə tədbirinə gəlməyə qalanda bahənə variantları bol olanlar, bu ayın qiymətini bilə bilməzlər. Yenə də öz işləridir, amma deməsəm olmaz.

Ramazan boyu Türkiyənin müxtəlif bölgələrində verilən iftar süfrələrinə heyrətlə baxır adam. Bu son vaxtların, dini islahatlar keçirən Türkiyənin ənənəsi deyil. İllərdir, bu ölkə Ramazanı tək dini cəhətdən deyil, milli maraqlarla da qeyd edir. Ramazanın səmimiyyəti yüksək həddədir. 

Dünən yenə Qaziantep Bələdiyyəsi əhalisi üçün 3 minlik iftar süfrəsi verdi. İnsanların bələdiyyə başqanı haqqındakı sözləri, duaları necə də xoş idi. Türkiyədə bələdiyyə sistemi o qədər gözəl qurulub ki, küçədə gəzən itlərə belə nəzarət var. Bələdiyyə "hər şey sizin üçün" şüarı ilə vətəndaşını qanadı  altına alıb. Bizimsə, nə icra hakimiyyəti, nə də bələdiyyə haqqında təsəvvürümüz yazıq gündədir. Yazıq ediblər. İki qurumun əsas işi torpaq paylayıb, obyekt açmaqdan ibarətdir, vəssəlam. İlin 12 ayı yorulmadan, doymadan. Türkiyənin bələdiyyə başqanı orucunu açan əlilə qaşıqla şorba içirdir, bizimki əlilin torpağını rüşvətlə başqasına satır. Bəlkə, "Adam olmaq haqqında"qanuna da ehtiyacımız var?