İki bataqlıq arasında ölüm

iki-bataqliq-arasinda-olum
Oxunma sayı: 656

- Ora cənnət olsa , qaçıb cəhənnəmə gəlməzdik - dedim və çöldə tüğyan edən tufanı göstərdim. Peterburqda yaşamaq Bakıda yaşamaqdan asandır.

Peterburqda evlər il boyu fasiləsiz olaraq isti, soyuq su ilə təmin olunur.

Oktyabrdan aprelə qədər mənzillərdə qızdırıcı sistem işləyir.

İşıq sönmür.

Qaz sönmür.

Lift həmişə işləyir.

Mağazalarda təzə ərzaq tapmaq problem deyil.Bayramlar yaxınlaşdıqca mağazalarda çox sərfəli endirimlər olur.

Uşaq bağçaların fəaliyyəti çox qənaətbəxşdir .

Məktəblərdə normal təhsil verilir.Pul yığırlar, ancaq iynə pulu, düymə pulu kimi ucuzluğa getmirlər.

Peterburqda ayda ən azı 3 toya gedib ,aldığın 200 manat maaşın 150 manatını bu toylara sərf etmək kimi problem yoxdur.

Ruslar sadə geyinir, bizimkilər də onlara baxıb sadə geyinirlər. Evdə əri ilə şuba davası edən qadınların sayı Bakıdan çox azdır.

Qonşunla yaxından tanış deyilsən. Ancaq bir blokda yaşadığın adamların hamısı sənə salam verər.

Bir cins şalvar və gödəkcə ilə qışı, bir çit don ilə yayı keçirə bilərsən və əmin olun, qonşunuz buna ağız əyib digərinə, bunun geyiminə bax, qaraçıya oxşayır, yetimin bir dəst paltarı var, deməyəcək.

Küçədə gedərkən keç kimin sənə xüsusi diqqət yetirmədiyindən , səninlə maraqlanmadığından əmin ol. Geyimin də onlar üçün əhəmiyyətsizdir. Onlar nəinki sənin qısa yubkana , heç hava isti olanda şosenin kənarlarındakı çəmənliklərə uzanan çimərlik geyimli qızlara da xüsusi diqqət yetirmirlər... Qışda küçələrin qarı xüsusi maşınlar vasitəsilə təmizlənir,nəqliyyat problem olmur.

Bakıda isə sadaladıqlarımın əksidir. Orta statistik azərbaycanlı üçün belə yaşamaq arzulanan bir şeydir. Bütün bu yazdıqlarıma baxmayaraq, istəmirəm azərbaycanlılar kütləvi şəkildə Rusiyaya üz tutsunlar. Şəxsən tanıdığım bütün valideyinlərə qızını Rusiyada işləyən azərbaycanlılara verməməyi tövsiyyə etmişəm. İndi də burada üzümü bütün azərbaycanlılara tuturam : “Rusetçiklərə” qız verməyin? Yekə bir sual olunacaq : -NİYƏ? Rusiyaya gələn azərbaycanlıların 99 % alverlə məşğul olmaq , ya da taksi sürücüsü, fəhlə işləmək üçün

gəlirlər. Onların bura gələndə ilk dövrdəki vəziyyətləri çox acınacaqlı olur. Ev tapa bilmirlər, sabit işləri olmur, gündə 12 saat ,bəlkə də daha çox işləmək məcburiyyətində qalırlar, qeydiyyatla bağlı çox problemləri olur və s. Bir neçə müddətdən sonra bu “rusetçiklər” min bir əziyyətlə qazandıqları pulla bir dəst cins paltar alıb geyinib gedirlər ellərinə. Hər kəs də onlara qəhrəman kimi baxır ( Azərbaycanda pul qazanmaq qəhrəmanlıqdır). Anası, bacısı da elin ən gözəl qızını seçib aparıb barmağına bir üzük taxırlar. Sonra da toy edib, gəlini qoşurlar bəyin yanına ( qoşmadıqları hallar da olur, ancaq indi biz Rusiyaya gələn azərbaycanlı qadınlar haqqında danışırıq) , göndərirlər Urusetə, ağ gün görməyə. Gəlin də gəlir, burada mən yuxarıda yazdığım şəraiti görür, sevinir, özünü xoşbəxtlər xoşbəxti sayır. Ancaq bir müddətdən sonra problemlər başlayır. Qeydiyyat yoxdur, küçəyə çıxanda hər an polis sənəd tələb edib bölməyə apara bilər. Bu da azərbaycan kişisi üçün ölümə bərabər bir şeydir. Dil bilmir.Öyrənmək imkanı da yoxdur. Kirayədə qaldığı evin sahibəsi istədiyi zaman onları evdən çıxarda bilər.Həmişə narahatdır. Kirayə mənzil baha olduğundan bəzən ikiotaqlı mənzildə 1, 2 hətta 3 ailə də qalır. Bir az üzü - gözü öyrəşəndən sonra həyətə düşüb azərbaycanlı gəlinlərlə oturub tum yeyə bilər. Hərdən ərindən xəbərsiz gəlinlərdən ən cəsarətlisinə qoşulub bazar paltar almağa da gedir. Uşaq bağçaya gedərkən bir o qədər problem olmur. Məktəbdə oxuyanda problemlər başlanır. Çünki ananın savadı nəinki orta məktəbə , heç ibtidai məktəbə də uyğun deyil. Və bu ana hələ də rus dilini bilmir! Sankt-Peterburqda çox azərbaycanlı yaşayır. Tam əksəriyyəti də Azərbaycanın kəndlərindən gələnlərdir. Onların isə Peterburqa baxışı, münasibəti Rusiyanın mədəniyyət mərkəzi kimi yox, daimi isti-soyuq suyu olan bir ev kimidir. Yəni, anaların tam əksəriyyəti belə böyük , mədəni şəhərdə uşaq tərbiyyə etdiklərinin fərqində deyillər və bundan maksimum yox, heç minimum da istifadə etmirlər. Kinoya, teatra, muzeyə uşaqları məktəbdən aparırlar. Sadaladıqlarım normal hesab olunan ailələrin yaşam tərzidir. Bəzən də elə olur ki, ellər gözəli Rusiyaya gələndə qalacağı evdə sarışın rus qadını və ərinə çox oxşayan uşaq görür… Və yaxud da, gəlişinindən bir müddət keçəndə sonra ər evə gəlmir, evdə yeməyə çörək olmur. O da ya Moskvada yaşayan Samirə kimi üç balasını gözüyaşlı qoyub özünü yandırır, ya da Nadımda yaşamış iki uşaq anasının etdiyi cinayəti edir.

Başqasına nişanlı olan qız boylu-buxunlu, qəşəng, cins paltarlı “urusetçik” oğlana vururlur və ona qoşulub Nadıma gəlir. Ata - ana qızından imtina edir. Qızın qayıdış yolu bağlanır. Ər isə bir müddətdən sonra köhnə həyat tərzinə qayıdır: gündüzünü işdə, gecəsini Nataşagildə keçirir. Evə çörək almır, pul vermir. Azərbaycan qızı da uşaqlıqdan müti, kölə, gözüqıpıq , qorxaq tərbiyyə olunduğundan vəziyyətdən doğru çıxış yolunu tapa bilmir. İki körpə balasına sirkə içirdir. Daha sonra özü içir. Uşaqlar ölür, ana isə sağ qalır, bu dünyada əzabla yaşamaq üçün. Xəstəxanadan çıxandan sonra ananı 15 il müddətində azadlıqdan məhrum edirlər. O, azadlıqdan çoxdan məhrum edilmişdi, etdiyi cinayətdən sonra isə öldü, içində öldü. Bax budur azərbaycanlı qadının Rusiyadakı həyatı.

Rusiya bataqlıqdır.

Elə Azərbaycan da…