“İki dönər hazırla, duzu-istiotu bol olsun...” - Polis “zakazı”

iki-doner-hazirla-duzu-istiotu-bol-olsun-polis-zakazi
Oxunma sayı: 697

Yayın sonlarına yaxın qoyulan bu qadağa dərhal icra olunub. Səbəbi rəsmi şəkildə açıqlanmasa da, artıq əksər yol-patrul xidməti avtomaşınlarından mikrofonlar yığışdırılıb.

DYP rəsmiləri bunu təsdiq etsələr də, əsl səbəbi başqa cür izah etmişdilər. Bildirilirdi ki, guya dünya təcrübəsinə əsaslanaraq və əhalinin rahatlığını düşünərək bu addımı atıblar. Lakin bu günlərdə mikrofon qadağasının əsl səbəbini öyrənə bildik. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Nəriman Nərimanov adına parkın yaxınlığında xidmət aparan yol polisi əməkdaşları dönər satılan köşkə yaxınlaşaraq avtomaşından düşmədən mikrofonla dönərçini çağırıblar.

Sonra də elə xidməti avtomaşının mikrofonu ilə “bizə iki dənə dönər hazırla, duzu-istiotu bol olsun, soğan vurma”, - deyərək dönərçiyə göstəriş veriblər. Ətrafdakılar bunu gülüşlə qarşılayaraq DYP əməkdaşlarının cəmiyyətə açıq-aydın hörmətsizlik etdiyini bildiriblər.

Həmin vaxt bir neçə vətəndaş Daxili İşlər Nazirliyinə şikayət edib. Bundan başqa, məlumatlı mənbə bildirir ki, bu hadisə baş verərkən həmin ərazidən nazirlərdən biri keçirmiş və o da bunun şahidi olub. Dərhal bu barədə daxili işlər naziri Ramil Usubova məlumat verildikdən sonra ertəsi gün həmin DYP əməkdaşları daxili işlər orqanlarından xaric olunublar. Bundan başqa sıravi işçilərin xidmət apardığı DYP avtomaşınlarından mikrofonların yığışdırılması barədə qərar qəbul olunub.