İki istəyə qarşı bir istək - Analiz

iki-isteye-qarsi-bir-istek-analiz
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzi ABŞ-la Azərbaycan arasındakı son münasibətləri analiz edib. Yazıda bildirilir ki, rəsmi Bakı ABŞ-ın Konqres üzvlərinin və siyasi ekspertlərinin uzaq məsafə qət edib Bakıya gəlmələri və bu məqsədlə forum keçirilməsi üçün kifayət qədər enerji və maliyyə xərcləyib. Rəsmi Bakı bu forum vasitəsilə Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığına sadiq qalacağını, enerji və təhlükəsizlik sahəsində Vaşinqtona bundan sonra da hər cür yardım verəcəyini, ancaq bunun əvəzində də ABŞ-ın Azərbaycanı mümkün regional təhlükələrdən qoruması gərəkliyi mesajını çatdırmaq istəyib. Prezident İlham Əliyevin forumdakı çıxışının əsas tezisləri də bundan xəbər verir.

Dövlət başçısı çıxışının əsas qismini enerji və təhlükəsizlik sahələrinə həsr edib. Bu o iki sahədir ki, ABŞ-la Azərbaycan arasında əməkdaşlıq həqiqətən yüksələn xətt üzrə inkişaf edir. Bölgənin zəngin enerji resurslarının Rusiyadan yan keçməklə Avropa bazarına çatdırılması və Əfqanıstana daşınan və gələn il geri dönəcək hərbi yüklərin Azərbaycanın hava sahəsi üzərindən daşınmasına Bakının verdiyi dəstək Vaşinqtonun maraqlarına cavab verir.

Bu əməkdaşlığın qarşılığında Bakının Ağ Evdən iki istəyi var:

Birinci istək Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının artması, Ermənistana təzyiq etməsi ilə bağlıdır. Bakı Kremlin vasitəçiliyinin ədalətli olmadığını, əksinə bu “vasitəçiliyin” işğalın daha da uzanmasına xidmət etdiyini anlayaraq, Vaşinqtonun prosesə müdaxilə etməsini istəyir. Əgər Rusiya Ermənistana hərbi yardım edirsə, bu ölkəyə modern silahlar göndərirsə, ABŞ isə bu ölkəyə maliyyə yardımları ayırır. Bu baxımdan Azərbaycanın hakimiyyət dəhlizlərində belə bir düşüncə var ki, əgər Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək məqsədilə Ermənistana təzyiq etsə, Yerevan okeanın o tayından aldığı maliyyəni itirməmək naminə geri addım ata bilər.

Bakının Vaşinqtondan ikinci istəyi ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət etməsidir. Barak Obamanın prezidentliyi dövründə İlham Əliyev bir dəfə olsun Vaşinqtona rəsmi səfərə dəvət edilməyib. Halbuki, bu illərdə həm Gürcüstan, həm Ermənistan prezidentləri ABŞ-a rəsmi səfər ediblər. Ona görə də, ABŞ-ın Cənubi Qafqazdakı əsas tərəfdaşı və maraqlarının təminatçısı kimi çıxış edən İlham Əliyev Barak Obamanın ikinci prezidentliyi dövründə Ağ Evdə qəbul olunmasını və Amerikadakı dostlarının bu məsələdə ona lobbiçilik edəcəyini arzulayır.

Bu iki istəyin reallaşması üçün Vaşinqtonun da Bakıdan qarşılıqlı istəyi - gözləntisi var: Azərbaycan hakimiyyəti siyasi və iqtisadi islahatları dərinləşdirilməli, prezident və parlament seçkilərinin demokratikliyini təmin etməlidir. Bunlar həyata keçirilmədən ABŞ-la Azərbaycan əlaqələri tam olmayacaq, münasibətlər strateji müttəfiqlik statusu qazanmayacaq və bu cür forumlar da Ağ Evin mövqeyinin dəyişməsinə yol açmayacaq.

İlham Əliyev Vaşinqtonun bu istəyini həyata keçirməkdə çətinlik çəkir, çünki bu ona hakimiyyəti itirmək təhlükəsi yaradır. Buna baxmayaraq, İlham Əliyev forumda bir cümlə ilə də olsa “siyasi islahatlar bizim gündəmizdədir” deməklə Vaşinqtona siyasi islahatları dərinləşdirəcəyini vədini verib, sadəcə sonrakı cümləsində zamana ehtiyacı olduğuna da eyham vurub: “Siyasi islahatlar uğurlu sosial və iqtisadi nailiyyətlərlə tamamlanmalıdır”. Bu cümlə belə oxunmalıdır ki, yalnız iqtisadi inkişaf və əhalinin həyat standartlarının, sosial təminatlarının artırılmasına nail olunduqdan sonra ciddi siyasi islahatlara başlamaq mümkündür.

Əslində İlham Əliyevin irəli sürdüyü bu prinsip ABŞ-dakı siyasi dairələri də ikiyə bölüb. ABŞ-ın siyasi dairələrindəki önəmli bir qrup İlham Əliyevin yanaşmasını qəbul edərək, insan haqları və demokratiya sahəsində Vaşinqtonun Bakıya təzyiq etməsinin düzgün olmadığını, Azərbaycanın mürəkkəb bölgədə varlığını sürdürdüğünü bildirərək, şimaldan və cənudan təzyiqə məruz qaldığını, ona görə də bu ölkə ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsini vacib sayır. Digər qrup isə əksinə Azərbaycanla enerji və təhlükəsizlik sahəsindəki əməkdaşlığı genişləndirməklə yanaşı Azərbaycanda demokratiyanın inkişafını, siyasi məhbusların azadlığa buraxılması, sifarişli məhkəmə qərarlarının ortadan qaldırılması, iqtisadiyyatda rəqabət mühitinin yaradılması və inhisarçı sistemin ləğvinı Bakıdan daima tələb edilməsi vacibliyini irəli sürürlər.

İlham Əliyevə birinci qrupla dil tapmaq daha asand olar. O, həmin qrupla dialoqu genişləndirərək Vaşinqtonun Azərbaycanın mürəkkəb regional vəziyyətini nəzərə almağa çağırır. Ancaq bu çağırışın ABŞ administrasiyasında müsbət reaksiya doğuracağını söyləmək çətindir. Çünki, Barak Obama administrasiyası ictimai rəy və media ilə hesablaşır. ABŞ-dakı ictimai rəyin və mediada yayınlanan yazıların isə Azərbaycan hakimiyyətin əleyhinə olduğu görünür.

Bu baxımdan Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkisi ABŞ administrasiyasının mövqeyinə ciddi surətdə təsir edəcək. Seçkilər şəffav və ədalətli keçirilərsə, bu Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni müstəviyə qaldıracaq, əks halda Azərbaycan prezidentinin Ağ Evdə qəbulu illərlə uzana bilər.