İki manatlıq utanc

iki-manatliq-utanc
Oxunma sayı: 1499

Nadir Qocabəyli

Artıq bir müddətdir ki, şəhərimizdə kart ödəniş sistemiylə işləyən yaraşıqlı qırmızı avtobuslar peyda olub. Onlar sərnişinlərə əvvəlki, yəni ödənişi nağd pulla olan avtobuslarla paralel xidmət göstərirlər.

Yeni avtobuslarda təbii olaraq dərhal yeniliyin rahatlığı, komfortu, dizayn və texniki üstünlükləri hiss olunur. Sürücü maşını saxlayanda daha əyləclərin uğultusu adamın beyninə işləyib, əsəblərini korlamır. Salonlar da təmiz olur, daha günəşin pəncərədən düşən şüa zolağında qatı toz molekullarının çəkisizliyinə tamaşa etmirsən. Sürücülərin geyim-kecimi, ədəb-ərkanı, zərərli və zəhərli vərdişlərə aludəçiliyi də minimaldır, yəni demək olar ki, yoxdur. Ən azından mən görməmişəm. Bunu ona görə ehtiyatla, yəni bir qədər qətiyyətsiz yazıram ki, avtobusdan o qədər də çox istifadə etmirəm. Arabir, şəhərə yolum düşəndən-düşənə. Hər bir dayanacaq metrodakı kimi qabaqcadan və gəlib çatdıqda elan olunur, sürücüdən nəsə soruşduqda mədəni cavab alırsan. Dayanacaqdan kənarda saxlayıb sərnişin götürmək və düşürmək də yox.

Lakin sadaladığım bütün bu üstünlüklərə baxmayaraq, nədənsə yeni avtobuslarımızdan istifadə edənlərin sayı əvvəlkilərə nisbətdə xeyli azdır. Bunu hər dəfə şəhərə çıxanda və avtobusa minəndə müşahidə edirəm. Təxminən eyni marşrutla, eyni istiqamətdə hərəkət edən pullu avtobus dolu, kartlı avtobus isə az qala boş gedir.

İstər-istəməz “görəsən səbəb nədir?” - deyə düşünməyə bilmirsən. Yəni mühafizəkar camaatımız yeniliyi, dəyişikliyi bu qədərmi ağrılı, çətin qəbul edir? Yoxsa kart almağa, ödəmə terminalına yaxınlaşıb ona pul qoymağa ərinir? Yəni bir də 2 manat verib kart al, nə bilim, ödəmə terminalı tap, ona pul yüklə, nə isə, uzundərə. Ondansa elə 20 qəpiyini verib, ayaq üstə, toz uda-uda, sürücünün çəkdiyi siqaretin tüstüsünü, ya da kiminsə qoltuğunun altını iyləyə-iyləyə, ayağını tapdalaya-tapdalaya, kiməsə sürtünə-sürtünə olsa da, gedib mənzil başına çatır da. Necə getməyin nə əhəmiyyəti var, əsas odur ki, gedib çatırsan. Makiavelli demişkən, məqsəd vasitəni doğruldur.

Bəlkə, rayonlardan və başqa şəhərlərdən Bakıya gələnlər paytaxtımıza ayda-ildə bir dəfə təşrif buyurduqlarından “BakıKART”a 2 manat verməyə simiclik edirlər? Ona görə də, pullu marşrutlardan istifadə etməyə üstünlük verir və basabas yaradırlar? Amma yoox!.. Onların ayda-ildə bir dəfə gəlməsiylə basabas yarana bilməz, çünki əgər ayda-ildə bir gəlsələr, məntiqlə gərək sayları da az olsun və tünlük yaratmasınlar...

Deməli, xəsislik edirlər. Çünki 20 qəpik əlavə ödəməklə müvəqqəti kart da almırlar. Həm də təkcə xəsislik yox, əringənlik, düşüncəsizlik, vurdumduymazlıq... Özü də yalnız rayonlardan gələn qardaş və bacılarımız deyil, elə burdakılar da. Çünki bayaq ərz etdiyim kimi, pullu avtobuslara olan meyil xeyli çoxdur, necə ki, “Facebook”da sarsaq statusları ağıllılardan daha çox “like” edirlər.

Amma son olaraq bir səbəbi də deməkdən, özümü heç cür saxlaya bilmirəm. Bu da əzabkeş, başıbəlalı millətimin karta almağa sadəcə 2 manatının olmamasıdır. Belə baxanda iki manat əslində elə də böyük pul deyil, amma nəzərə alanda ki, 2 manatın 2 min dərdi ola bilər, onun önəmi xeyli dərəcədə artır.

Yeni avtobuslardan istifadə etmək istəyən, ancaq kartı olmayan vətən övladları da var. Bu insanlara təkcə yeni avtobusların ön qapılarının kandarında yox, metro stansiyalarında da sıx rastlanır. Onlar adətən 20 qəpik uzatmaqla başqalarının kartından faydalanmaq istəklərini acizanə surətdə dilə gətirirlər. Maraqlıdır ki, bunu utanaraq və qətiyyən utanmadan edənlər var. Amma yeni avtobuslara minənlərin sayı azdırsa, deməli, əksəriyyət kartının olmamasından utanır...

Bu xahişlərə verilən reaksiyalar da cürbəcürdür: əsəbləşib üz bozardanlar, qulağına pambıq (qulaqcıq) tıxayıb eşitməyənlər və ya eşitmək istəməyənlər, 20 qəpiyi alıb sakitcə soydaşına kömək edənlər, hətta alicənablıq edib pulu almaqdan imtina edənlər. Ayıb söhbətdir, nə danışırsız, narahat olmayın, buyurun...

Açığını deyim ki, sonuncu hala bir müddət əvvəl iki il sərasər yaşadığım Türkiyədə heç vaxt rast gəlmədim. Onlar kart sisteminə xeyli əvvəl keçsələr də, bizim qədər alicənab deyillər.

O gün tələsik çıxdığım üçün kartımı evdə unutmuşdum. Kimdənsə xahiş etmək istəmədim, ona görə də, 20 qəpik əlavə ödəyib müvəqqəti kart aldım. Elə keçmək istəyirdim ki, bir cavan oğlan yaxınlaşıb 20 qəpik uzatdı: "Dayı, olar mən də keçim?"