İki müxalifət partiyasından birgə bəyanat

iki-muxalifet-partiyasindan-birge-beyanat
Oxunma sayı: 643

ALP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Uzun illərdir azərbaycanlıların sıx yaşadığı bölgədə yerləşən Urmu gölünün qurumasına biganə qalan İran hakimiyyətinin siyasətinə etiraz edən azərbaycanlılar Təbriz, Urmiyə, Ərdəbil və sair şəhərlərdə dinc aksiyaları keçirilmişdir. Beynəlxalq hüquqa və öz Qanunlarına zidd olaraq İran İslam Respublikasının hakimiyyəti dinc etirazçıların qaldırdığı azərbaycanlıların yaşamı üçün mühüm olan ekoloji problemin həlli əvəzinə, dinc nümayişçilərə qarşı kobud zor tətbiq etmiş, minlərlə insan döyülmüş, müxtəlif ciddi bədən xəsarəti almış və həbs edilmişdir. 7 dinc azərbaycanlının ölümü haqqında xəbər daxil olmuşdur.

ALP ilə VİP İran hakimiyyətinin azərbaycanlılarına qarşı bu cür davranışını yolverilməz sayır və buna görə son dərəcə narahatdır. ALP ilə VİP hesab edirlər ki, azərbaycanlılarının vətəndaş hüquqlarının İran iqtidarı tərəfindən təminatı Azərbaycan-İran münasibətlərinə təsir edən ən vacib amildir və bunu unutmaq olmaz.

ALP ilə VİP İran hakimiyyətini həbs olunmuş bütün nümayişçiləri dərhal azad etməyə, azərbaycanlılara qarşı repressiyalara son qoymağa, dinc azərbaycanlı nümayişçilərin ölümündə, onların həbsində və bədən xəsarəti almasında günahı olan bütün şəxsləri cəzalandırmağa çağırır.

ALP və VİP Azərbaycan Respublikası və demokratik dövlətlərin hakimiyyətini, Azərbaycan cəmiyyətini və beynəlxalq ictimaiyyəti İran azərbaycanlılarının hüquqlarını müdafiə etməyə çağırırlar”.