İki yumurtanı qıra, köynəyini ütüləyə bilməyən kişilər...

iki-yumurtani-qira-koyneyini-utuleye-bilmeyen-kisiler
Oxunma sayı: 1722

Nərmin Dadaşova

İl 1857, qadınlar uzun çalışma saatı qarşılığında aldıqları az maaşa, pis iş şəraitinə etiraz olaraq nümayiş keçirir. Polis nümayişi dağıtmaq üçün nümayişçiləri fabrikə dolduraraq qapıları bağlayır və çıxan yanğında 129 nəfər həyatını itirir. Bundan 52 il sonra Klara Setkin adlı sosialist qadın 8 Martın dünya qadınlar günü olmasını təklif edir və bu qərar qəbul edilir. 

8 Mart hadisələrinin üstündən nə az, nə çox düz 159 il keçib və biz hər il bu münasibətlə atamızdan, həyat yoldaşımızdan, qardaşımızdan, dostumuzdan hədiyyə umuruq. Yaxşı yadımdadı, hələ balaca olanda atam hər il bu gün bacımla məni təbrik edirdi. Hədiyyə almaqdan gözəl nə ola bilərdi axı? Ona görə də, 8 Martı doğum günümü gözlədiyim qədər həyəcanla, səbirsizliklə gözləyirdim. Bir dəfə bu haqda yazmışdım. Yazıb-oxumağı bacarandan, təxminən 4-5 yaşımdan təqvimi qırmızılamaq adətim vardı. Özəl günləri, yaxşı keçən günlərimi, məktəbə gedəndən sonra yaxşı qiymətlər aldığım günlərimi mütləq təqvimdə qırmızı dairəyə alırdım. 8 Martı isə o qədər səbirsizliklə gözləyirdim ki, qırmızı dairənin içini də qırmızı qələmlə rəngləyirdim. Zaman keçdikcə bir çox yaxşı şeylər kimi bu xasiyyətimi də uşaqlığıma bağışladım. Səhərləri üst mərtəbədə yaşayan qonşu qadınının yerə çırpılıb “ay ana” qışqırtısı ilə yuxudan oyandığım gündən sonra Nazim Hikmətin təbirincə desək, yaşamağın şakaya gəlmədiyini anladım. Və təqvimimdən azalan ilk qırmızı gün elə 8 Mart günü oldu. Çünki həmin gün kişilərin etdiyi canfəşanlıq mənə səmimi gəlmirdi. Xüsusilə də, bu gün qan ağlayan kişilərin “Yenə 8 Mart gəldi”, “Bu kişilərə qarşı ədalətsizlikdir”, “8 Mart kişilərin beynəlxalq soyqırımı günüdür” kimi bəsit yumorunu eşidəndə, daha da məyus olurdum. Özü də maraqlısı budur ki, ildə bircə gününü qadına həsr etməmək üçün əlindən gələn hər şeyi edən cənablar, elə qadınlara ən çox möhtac olanlardır. Məsələn, iki yumurtanı qıra, öz köynəyini ütüləyə bilməyənlər, ən kiçik problemdə gözləri analarını axtaranlardır.

İlk dəfə 8 Martın tarixi ilə bağlı oxuyanda qəribə hisslər keçirmişdim. Qadınlar əslində çox şey istəmirdilər. İstədikləri sadəcə “Çörək və sülh” idi. Və bunu əldə etmək üçün başladıqları mübarizənin sonunda ölərək qalib oldular. Mübarizə apardıqları tərəf isə- Kişilər idi. Və indi 159 il sonra kişilər 8 Mart beynəxlaq qadınlar günündə bizə çiçək, ətir, “mişka” hədiyyə edirlər. Tarixin ən kədərli olaylarından olan bu gün bizim üçün il boyunca gözlədiyimiz yada salma günü, kişilər üçün “artıq xərc”, gül və ətir dükanları üçün isə öz təbirlərincə desək ən “xodovoy” gündən başqa bir şey deyil. Çünki bu günün bizim bədənimizdə izi yoxdu. Məncə, qadınlara sizə süzdükləri bir stəkan çayı udumlayanda, qarşınıza qoyduqları isti şorbadan bir qaşıq dadanda, üstlərinə tökdüyünüz aqressiyanı, əsəbi udanda- yəni sizin bədəninizdə fiziki, ya da mənəvi hər hansı yaxşı bir iz qoyanda təşəkkür etməniz kifayətdir. Və məncə nə vaxta qədər ki, dünyada “qadın sığınacaqları”adı altında fəaliyyət göstərən qurumlara ehtiyac olacaq, bizim 8 Martı bayram kimi qeyd etməyə haqqımız çatmayacaq.

Sizi femenizmə səsləmirəm, mübarizəyə də çağırmıram, əziz qadınlar. Kim-kimdən güclüdür iddiasına da girmirəm. Sizə kişilərdən güclü olmağı, onlar qədər pul qazanmağı, onlar kimi ucadan danışmağı da arzulamıram. Çünki, sizi nəyin xoşbəxt etdiyini yaxşı bilirəm. Rus dili müəlliməmin heç unutmadığım bir sözü var “Qadın əgər sevdiyi adama bozbaş bişirirsə, dünyada bundan gözəl nə ola bilər?”