“İkimiz də yetim idik, tanış olduq...”

“İkimiz də yetim idik, tanış olduq...”
Oxunma sayı: 1536

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda sevgilisinin qaldığı evə basqın edərək 1 nəfəri öldürüb, 2-sini yaralamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə S.Məmmədov ifadə verərək hadisənin ittihamda qeyd edildiyi kimi pul üstündə yox, namus üstündə törətdiyini deyib: “Orada yazılıb ki, Mahirə mənim sevgilim olub. Amma biz ər-arvad idik, sadəcə sənədlərimizdə problem var idi. 10 ay əvvəl dostum mənə demişdi ki, qonşusunda yetim bir qız var. Mən də yetim idim, gedib Mahirə ilə tanış oldum. Həmin axşam da yaşadığım evə gətirdim, birgə yaşadıq. Son günlər qonşumuz Mətanətə görə münasibətlərimiz soyudu. Yoldaşım deyirdi ki, Mətanər pis işlərlə məşğuldur, Türkiyəyə gedib-gəlir. Mən də onunla əlaqə saxlamamasını tapşırdım, yenə də görüşdüyü üçün bir dəfə onu sillə ilə vurdum. Sonra Mətanət arvadım Mahirəni qaçırmışdı. Oğlu Laçın mənə deyirdi ki, arvadın əxlaqsızdır. Mən də ona dedim sənin ananla oturub-durur, yəqin anan da əxlaqsızdı. Arvadımı qaçırıb mənə deyirdilər ki, özləri ilə rayona toya aparıblar, onu hansı məqsədlə apardıqlarını bilirdim”.

S.Məmmədova qeyd edib ki, başqa evə köçmək istəyən zaman bu hadisə baş verib: “Mən anama başdaşı düzəltdirmək üçün evə 415 manat qoymuşdum. Sonra yoxa çıxdı, Mahirə dedi ki, Laçın götürüb özünə narkotik alıb. Mən də buna görə Laçınla mübahisə etdim, onun böyük qardaşı məni hədələdi. Polisə şikayət etdim, Mahirəgil də polisə dedilər ki, guya mən narkomanam. Bu söhbətdən sonra polis mənim başqa yerə köçməyimi tələb etdi. Mənə də dedilər ki, Mahirə atası evinə gedib. Paltarlarımı götürmək üçün evə gələndə Mahirəni Mətanətgildə gördüm. Əsəbləşib onu vurdum, sonra Mətanət üstümə cumub məni dişlədi, onu da vurdum. Ardınca da Laçın əlində güldan məni vurmaq istəyəndə onu kürəyindən bıçaqladım. Sonra evdən qaçdım”. Mərhum M.Əliyevanın atası Tofiq Əliyev deyib ki, 4 qızından ən kiçiyi olan Mahirə narkoman bir oğlanla evdən qaçıb: “Elə həmin gecə qızımı evə gətirdim. Bir neçə ay qalandan sonra Bakıya qohumumgilə getdi. Oradan da qaçmışdı, sonra evlənmək istədiklərini dedilər, mən də razılaşdım”. İttihama görə, S.Məmmədov keçmiş sevgilisi 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın kirayədə yaşadığı “Sovetski”dəki evə basqın edib. Aralarında baş verən mübahisə zamanı S.Məmmədova keçmiş sevgilisini və ev sahibi, 1967-ci il təvəllüdlü Mətanət Həsənovanı və onun oğlu, 1991-ci il təvəllüdlü Laçın Həsənovu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən M.Əliyeva orada vəfat edib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi