İkiüzlülük əlaməti

ikiuzluluk-elameti
Oxunma sayı: 1921

Seymur Verdizadə

Valideyn olmaq insana sonsuz fərəh bəxş edir. Başqa xalqlar kimi, biz azərbaycanlılar da uzun müddət bu hadisənin təsiri altında qalırıq. Yaşlı-başlı kişilərin, ağbirçək arvadların dünyaya yenicə göz açmış körpələrin dili ilə danışdıqlarının, onların hərəkətlərini tez–tez təkrar etdiklərinin dəfələrlə şahidi olmuşam. Bu taleyi biz özümüz seçirik; əvvəlcə övladlarımız, sonra isə nəvə-nəticələrimiz üçün yaşayırıq...

Bizim ölkəmizdə körpə ilə bağlı bütün mərasimlər təntənəli şəkildə qeyd olunur. Bəzən isə əndazəni aşdığımıza görə, ortaya müəyyən problemlər çıxır. Buna misal olaraq, adqoyma mərasimini göstərə bilərik. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda bir çox valideynlər bu hüquqdan məhrum ediliblər. Əksər ailələrdə uşağa ad qoyulanda ata-ananın rəyi nəzərə alınmır. Nəticədə, müasir dövrün tələblərinə cavab verməyən köhnə adlar yenidən yaşamaq hüququ qazanır.

Mən, tariximizə sahib çıxmağın, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qoruyub-saxlamağın tərəfdarıyam. Amma bu zaman keçmişlə gələcəyin vəhdətini yaratmaq, müasir dövrün tələblərini nəzərə almaq lazımdır. Uşağa elə ad qoymaq lazımdır ki, böyüyəndə öz adından utanmasın.

Beş il əvvəlin söhbətidir, bir dostumuz ata olsa da, bu sevinci doyunca yaşaya bilmirdi. Buna səbəb uşağın babasının körpəyə öz atasının adını vermək istəməsi idi. Dostumuz deyirdi ki, 81 yaşlı babası ölüm ayağında olduğu üçün atası onun adını əbədiləşdirməkdə israr edir. Ailədə ikitirəliliyin yaranmasına səbəb bu idi ki, ağsaqqal kollkektivləşmə dövründə anadan olduğu üçün o vaxt valideynləri ona Kolxoz adı qoyublar. İndi də dostumuzun atası, yəni dünyaya yenicə göz açmış körpənin babası iki ayağını bir başmağa dirəyib ki, uşağın adını Kolxoz qoyun. Dəqiq yadımdadır ki, dostumuzun atasını bu fikrindən daşındırmaq üçün qohum-əqrəba düz bir həftə mübarizə aparmalı olmuşdu.

Bu ənənə xaricdə yaşayan soydaşlarımız arasında da geniş yayılıb. Almaniyada yaşayan bir tanışım qarışıq nikahdan dünyaya gələn oğluna babası Əlimuxtarın adını qoyub. Amma həyat yoldaşı ilə ayrıldığı üçün dörd ildi ki, balaca Əlimuxtarın Berlinin hansı səmtində yaşadığından xəbərsizdi...

Dünyadan köçmüş əzizinin ruhunu şad etmək hər bir insanın borcudur. Amma bu zaman əl boyda körpələri alətə çevirmək olmaz. Son illər bu məsələ o qədər əcaib xarakter aldı ki, axırda dövlətin müdaxiləsi qaçılmaz oldu. Belə ki, ötən ilin noyabrında Nazirlər Kabineti yanında Terminologiya Komissiyası müasir dövrlə səsləşməyən 217 adın uşaqlara qoyulmasını qadağan etdi. Yoxsa, gələcək nəsillər Traktor bəyin idarə etdiyi avtobusda işə gedəcək, Gülməşəkər xanımın rəhbərliyi altında işləyəcək, nahar vaxtı isə Düymə xalanın bişirdiyi təamlardan dadmalı olacaqdılar...

P.S.Bəzi adamlar hələ də dərk etmirlər ki, dünyadan köçmüş valideynlərinin ruhunu şad etmək üçün yaxşı əməl sahibi olub, onlara rəhmət oxutdurmaq lazımdır. Hər gün yazıq ata-anaya lənət oxutdurub, sonra da zavallı körpəyə onların adını qoymaq ikiüzlülük əlamətidir.