İlham Əliyev müsəlman səfirlərlə görüşdü

ilham-eliyev-muselman-sefirlerle-gorusdu
Oxunma sayı: 681

Müqəddəs Ramazan ayı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən dövlət başçısı onlardan səmimi salamlarını və təbriklərini təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib. Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan Prezident İlham Əliyev İslam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləyib.

Azərbaycan ilə İslam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan Prezident İlham Əliyev ölkəmizin İslam həmrəyliyinə layiqli töhfələr verdiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin nizama salınması ilə bağlı İslam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini də deyib.

Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan Prezident İlham Əliyev bir daha görüş iştirakçılarına xoş arzularını çatdırıb.

Özbəkistanın səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından Ramazan ayı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, sülh və firavanlıq arzulayıb. Diplomat müqəddəs Ramazan ayı münasibətilə dövlət başçısı ilə görüşün ənənəvi xarakter almasının əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.