İlham Əliyev və birinci xanım Bakı Kitab Mərkəzinin açılışında

ilham-eliyev-ve-birinci-xanim-baki-kitab-merkezinin-acilisinda
Oxunma sayı: 4961

Avqustun 28-də prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Mərkəzin rəmzi açılışını bildirən lenti kəsiblər. 

Mərkəzin direktoru Günel Rzayeva burada yaradılan şərait barədə məlumat verdi. Paytaxtın Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən bu mərkəzin sahəsi 2500 kvadratmetrə yaxındır. Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. Mərkəzdə ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.

Mərkəzin layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını xoş keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib. Kitab satışı ilə bərabər, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. 

Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar veriləcək. Eyni zamanda, kitabsevərlər sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında da məlumatlar alacaqlar. Burada, həmçinin oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

Görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkan kitabsevərlərin ixtiyarına veriləcək.

Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet səhifəsi vasitəsi ilə kitablar sifariş edə biləcəklər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nizami Gəncəvinin 1941-ci ildə nəşr olunmuş “İsgəndərnamə” əsəri və Dubrovinin 1866-cı ildə çap edilmiş “Zakavkazye” adlı tarixi əsərinin siqnal nüsxələrinə baxıblar.