İlham Mirzəyev xəstəxanaya düşdü

ilham-mirzeyev-xestexanaya-dusdu
Oxunma sayı: 4866


“Qafqazinfo”nun Teleqraf.com-a istinadən xəbərinə görə, bu barədə məlumatı Yasamal rayon Məhkəməsində İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə keçirilən prosesə sədrlik edən hakim Ayaz Məmmədov deyib. 

Onun sözlərinə görə, teleaparıcı bu gün səhər saatlarında xəstəxanaya aparılıb: “Bu gün İlham Mirzəyevin sürücüsü bizə zəng edib. Sən demə, onun sürücüsü də var imiş. Sürücüsü İlham Mirzəyevin xəstəxanaya aparıldığını və hal-hazırda həkim müayinəsindən keçirildiyini bildirib. Buna görə də İlham Mirzəyev məhkəməyə gələ bilməyib”. 

Hakim teleaparıcının vəkillərinin hansı səbəbdən məhkəmədə iştirak etmədiyini deməyib. Onun sözlərinə görə, İlham Mirzəyevin iştirakı olmadan məhkəmənin davam etdirilməsi mümkün deyil. Asif Əliyevin vəkili Cavanşir Süleymanov deyib ki, növbəti məhkəmə iclasında da İlham Mirzəyev başqa bir yalan uyduracaq və buna görə də məhkəmə yenə də təxirə salınacaq. 

İlham Mirzəyevin məhkəməyə gəlməməsi ilə bağlı fikirlərə hakimin mövqeyi sərt olub: “Bizə İlham Mirzəyev lazım deyil. Onun iştirakı olmadan da məhkəmənin davam etdirilməsi mümkündür. İlham Mirzəyevin vəkilləri prosesdə iştirak etsə, kifayət edər. Onun vəkilləri iştirak etməsə də, prokuror çıxışını edəcək”. 

Məhkəmə iclası aprelin 3-nə təyin olunub.

Qeyd edək ki, martın 14-də keçirilən prosesdə çıxış edən Asif Əliyevin vəkili Abuzər Mütəllimov İlham Mirzəyevin xəstəliyi və xəstəxanalarda xərclədiyi pullarla bağlı bəzi açıqlamalar vermişdi. Vəkil qeyd etmişdi ki, İham Mirzəyevin müalicəsi ilə bağlı məhkəməyə təqdim etdiyi xəstəxana qəbzlərinin Asif Əliyevin cinayət işinə hər hansı bir adiyyatı yoxdur: “Cinayət işinə həmçinin İlham Mirzəyevin “Planeta” firmasından ayrı-ayrı medikamentlərin, o cümlədən kişi və qadınlarda cinsiyyət sisteminin funksional pozğunluqlarına, kişi və qadınlarda klimaksın müalicəsi, seksual zəiflik, qəbizlik, piylənmə, prostatit, ishal, itdirsəyi, ekzema və başqa xəstəliklərdən müalicə olunmaq üçün dərmanların alınması barədə rus dilində sənədlər əlavə edilib. Hesab edirik ki, qeyd olunan bütün xəstəliklərin işə hər hansı bir aidiyyatı yoxdur. İlham Mirzəyevin bu xəstəliklərilə bağlı Asif Əliyevə hər hansı ittiham verilməyib”.