İlham Rəhimovun yeni kitabı çapdan çıxdı

ilham-rehimovun-yeni-kitabi-capdan-cixdi
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvanın “OLMA MEDİA Qrup” nəşriyyatı tərəfindən rus dilində yeni kitabı çapdan çıxıb. “Cinayətkarlıq və Cəza” adlanan bu monoqrafiya cinayətkarlıq kimi sosial hadisənin və cinayət cəzalarının köklü problemlərinin və onların səciyyəvi xüsusiyyətlərinin təhlilinə həsr edilib. Əsərdə müasir cinayətkarlığın spesifik xüsusiyyətləri, onunla mübarizənin yeni üsullarının, vasitə və metodlarının tətbiqi məsələləri, eləcə də, cinayətkarlıqla mübarizədə cəzanın zəruriliyi və labüdlüyü ilə bağlı məsələlər nəzərdən keçirilir.

Kitabın rəyçiləri hüquq elmləri doktorları Aleksandr İvanoviç Bastrıkin və Yuriy Vladimiroviç Qolikdir.

Kitab ali məktəblərin hüquq fakültələrinin tələbələri, müəllimləri və aspirantlar üçün nəzərdə tutulub. Kitabdan cinayətkarlıq və cəza məsələləri ilə maraqlanan geniş oxucu kütləsi də faydalana bilər.

Qeyd edək ki, İ.M.Rəhimov keçmiş SSRİ-də cinayət hüququ üzrə doktorluq dissertasiyası müdafiə edən ən gənc hüquq elmləri doktoru, alimlik dərəcəsini alıb.
O, 100-ə yaxın elmi məqalənin, hüquq elminin müxtəlif sahələrinin, xüsusilə cinayət hüququnun, islah əmək hüququnun, qanunvericilik və məhkəmə fəaliyyətinin fundamental problemlərinə həsr edilmiş daha beş monoqrafiyanın müəllifidir.

Yaxın günlərdə kitabın geniş təqdimetmə mərasimi keçiriləcək.