İlin ən yaxşı jurnalisti- Səbuhi Məmmədli

ilin-en-yaxsi-jurnalisti-sebuhi-memmedli-
Oxunma sayı: 840

O da adəti üzrə-ciddi bir şey danışanda sağ əlini boynunun ardından gətirib sol qulağını dartışdıra-dartışdıra dedi:

- Baba, doğrudan? Sonra da əlavə elədi ki, doğrudan ey, gör bu il haralarda olmuşam?

Dedim, Səbuhi, sənin barəndə “Qafqazinfo”da yazacam. Razılaşdıq.

Səbuhi ilə düz iki il sərasər bir qəzetdə - “Yeni Müsavat”da çalışmışam. Təxminən iki il onunla Türkiyədən, Rusiyadan - Dərbənddən, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən reportajlar hazırlamışam. Yəni onunla praktik “naparniklik” etmişəm. Quş qripi ölkəni başına götürəndə bazarlarda monitorinq aparmaq üçün toyuq, yumurta satmaqdan ta Türkiyənin İqdır şəhərindəki fahişəxanalarda bir tikə çörək naminə canlarını satan azərbaycanlı qızların acı taleyinə qədər hər şeyi yazmışıq onunla. Əslində özünün və ya ikimizin başına gələn, amma təkcə mənim başıma gəlmiş kimi təqdim etdiyi gülməli hadisələrə qədər Səbuhi ilə xeyli olaylar yaşamışam. Təkcə bu iki ildə onunla başımıza gələnlərdən qəşəng bir kitab bağlamaq olar...

İndi mən sizə sayım Səbuhi bu il haralarda olub və reportajlar yazıb!

Gürcüstanda keçirilən son seçki ilə bağlı canlı xəbərləri o verdi bizə. Mahaçqalada oldu, Rusiyanı lərzəyə salan “Boevik”lərin məskənindən neçə yazı göndərdi... Dərbəndi sel-su cənginə alanda az qala rusiyalı jurnalistlərdən tez çatmışdı Səbuhi hadisə yerinə. Hələ Suriyanı demirəm! Qanını ağzına alıb düz Suriyada ölüm ocağına qədər gedib çıxdı. Azərbaycan üçün birinci əldən xəbərlər yaydı, reportaj hazırlayıb verdi Səbuhi!

Yəqin 21 dekabr ajiotajını unutmamısınız! Bir avantüristin 21 dekabrda dünya dağılacaq harayı və insanlığın xilas ola biləcəyi bir neçə yerin dağılmayacaq proqnozu... “Yeni Müsavat”dakı həmkarımız Sevinc Telmanqızı bu yerlərdən biri olan - Türkiyənin İzmir şəhərinin Sirincə kəndinə gedib çıxdı. Oradan yazdı. Amma Səbuhi dünyanın əksəriyyətinin şam, konserv, quru peçeniyə yığıb gözlədiyi bir vaxtda-dekabrın 21-də Şirincədəydi. Səhv etmirəmsə Şirincədən 7 reportaj və xəbər yazdı Səbuhi! Hamının qulağı səsdə olanda Səbuhi bu səsə çevrilə bildi. Bax budur jurnalistika. Azərbaycanın yeganə jurnalisti idi ki, dünyanın diqqət mərkəzində olan nöqtələrindən birində olmağı bacardı. Əlbəttə onu ora göndərməyə qərar verənləri, istiqamətləndirənləri də unutmaq olmaz. Amma ən böyük fədakarlığı Səbuhi etdi...

Onu da qeyd edim ki, yer üzündə qüsursuz, qələtsiz insan yoxdur, o cümlədən Səbuhi. Amma onunla bağlı hamını gəldiyi ortaq bir nöqtə var: Səbuhi olduqca istedadlı və peşəkar bir jurnalistdir!

İl başa çatdı. Müxtəlif qurumlar, təşkilatlar, birliklər, nazirliklər və sairələr ilin yekunları ilə bağlı açıqlamalar verdilər, müsabiqələrin nəticələri elan olundu. Amma Səbuhi o siyahıların heç birində yox idi. Onu da bu səbəbdən xatırladım. Əlbəttə bütün qalibləri təbrik edirəm! Şübhəsiz ki, həmkarlarımızdan heç kəs mübahisə etməz ki, Səbuhi ilin ən yaxşı reportyoru oldu!

Səbuhini də təbrik edirəm!

P.S.Ona söz verdiyim digər ənamı da olacaq, mütləq olacaq, təki sağlıq olsun!