İmişlidən açıq məktub

imisliden-aciq-mektub-
Oxunma sayı: 650

“Hörmətli Çingiz müəllim,

Sizin 19 mart 2012- ci ildə xalqımızın əziz və müqəddəs Novruz bayramı axşamı bir qrup İmişli rayon sakini, o cümlədən mənim haqqımda həqiqətdən uzaq, böhtan xarakterli, qeyri- etik ifadələrlə aşağılamanız məni çox təsirləndirdi. Bilirsiniz ki, siz məni, mən də sizi yaxşı- pis tanıyıram. 2010-cu il parlament seçkilərində mən 80 saylı DSK- nın 12 saylı MnSK- da katib olmuşam. Ziyalı jurnalist Davud Zülfüqarlının xahişi ilə ailəm və qohumlarımla birgə sizə səs vermişik. Daim sizin hörmətinizi saxlamış, indiyə qədər haqqınızda güldən ağır bir söz işlətməmiş, hətta öz haqlı tələblərimi edən zaman sizi narahat edib sizə müraciət etməmişəm.

Keçək sizin 19 mart tarixli “məşhur” açıqlamanıza...

1. Açıqlamanızın mənə aid olan hissəsində məni “haqsız şikayətçi” kimi qələmə verirsiniz. Mən sizə sual edirəm; mənim haqsız olduğumu nədən bilirsiniz və harda görmüsünüz? Hansı dəlil və arqumentlərlə bu qənaətə gəlmisiniz? Məlumat üçün bildirim ki, mənim evim 2010- ci ildə İmişlidə yağan güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalıb. İmişli RİH mənə dəfələrlə məktub göndərərək evimin “normal” olduğunu yazıb. Mənim son şikayətim yalnız evimlə bağlı olub. “Kür” Vətəndaş Cəmiyyətinə etdiyim müraciətdən sonra 2011- ci ilin noyabr ayının 29- da Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri gəlib evimə baxış keçirdilər. Evimin durumu qeyri- normal qiymətləndirilərək evdə bərpa gücləndirilmə işlərinin aparılmasına dair rəy verildi. Dövlət komissiyasının verdiyi bu rəy həm də onu sübut etdi ki, İmişli RİH- nin indiyə qədər mənə verdiyi cavablar formal olmaqla yanaşı həqiqəti əks etdirməyib və həm də ailəmlə birgə qəzalıya yaxın bir vəziyyətdə olan evdə yaşamışıq ki, bu da bizim həyatımız üçün çox böyük təhlükə deməkdir. İndi siz deyin; haqsız mənəm, yoxsa İmişli RİH və İmişli RİH- i müdafiə edən siz?
2. Yazınızda mənim Ağammədli kənd icra nümayəndəsi ilə 14 mart 2010- ci il tarixdə olmuş məhkəmə prosesi ilə bağlı iddia edirsiniz ki, guya mən “ATƏT nümayəndəsinin də iştirak etdiyi məhkəmədə səhv hərəkət etdiyimi və uduzduğumu bilərək saziş imzalamağı təklif etmişəm”. Əvvalə biləsiniz ki, məhkəmə prosesi qapalı keçirilib və ATƏT nümayəndəsi, yerli sakinlər, jurnalistlər məhkəməyə buraxılmayıb. Mən sizə sual edirəm qapalı keçirilən, iştirak etmədiyiniz məhkəmə prosesi barədə siz məlumatı hardan almısınız? Digər tərəfdən doğrudanmı 2 nəfərin məhkəmə çəkişməsi sizin üçün o qədər önəmlidir ki, siz bütün işlərinizi bir kənara qoyub bizim məhkəməmizlə bağlı detallı araşdırma aparıb həqiqətə uyğun olmayan məlumatlar yayırsınız? Amma məlumat üçün bildirim ki, məhkəmədə mənim və qarşı tərəfin “səhv hərəkət etməsi və uduzmağı” müzakirə predimeti olmayıb. Barışıq təklifini isə hörmətli hakim Süleyman Ağayev və “Kür” Cəmiyyətinin rəhbəri Oktay Gülalıyev irəli sürüb və biz də qəbul edib barışmışıq. Mətbuatda nə yazılmasına görə isə mən məsuliyyət daşımıram.
3. Yazınızda Kür Araz daşqınlarına və qrunt sularının təsirinə məruz qalan insanlarda narazılığı guya “Kür” Vətəndaş Cəmiyyətinin yaratdığını və bizim evlərin Nazirlər Kabinetinin 197s saylı sərəncamın təsirinə düşmədiyini iddia edirsiniz. Nəzərinizə çatdırım ki, mən və digər sakinlər aidiyyatı qurumlara 2010- cu ildə müraciət edəndə “Kür” Cəmiyyətini tanımırdıq. Onları sonradan tanımışıq və çox sevinirik ki, belə təşkilat var. Bu gün bizim səsəimizə səs verən yeganə təşkilat “Kür” təşkilatıdır. Halbu ki, biz sizə səs vermişdik ki, bizim hüquqlarımızı müdafiə edib səsimizə səs verəsiniz. Təəssüf ki, siz bu gün millət vəkili kimi millətin, biz seçicilərin deyil, İmişli RİH başçısı Əbülfəz Ağayevin vəkili, onun nümayəndəsi kimi çıxış edirsiniz. Roma Papasından artıq katolik kimi davranırsınız. Digər tərəfdən biləsiniz ki, Nazirlər Kabinetinin 197s saylı sərəncamından öncə prezidentin 19 may 2010- cu il tarixli sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Kür Araz daşqınları ilə bərabər 2010- cu ildə güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalan insanlara da dövlət yardımı şamil olunur ki, məhz bu sərəncama uyğun olaraq İmişlidə indiyə qədər 700- dən çox ev tikilib. Elə bizim və qonşu kəndlərdə də xeyli ev tikilib. Siz İmişlidə Kür Araz daşqınları olmayıb deyə ictimai rəyi azdırmağa çalışmayın.

Çingiz müəllim,
Mənim 71 yaşım var. Dünyanın hər üzünü görmüşəm. İnsanların yaxşısını, pisini də...

Bayram ərəfəsində sizin mənim və digər İmişli sakinləri haqqında işlətdiyiniz həqiqətdən uzaq fikirlər bir ahıl ziyalı olaraq məni çox incitdi. Mən bu ifadələri sizə bağışlamıram. Siz mənim haqqımda yazırsınız ki, guya mən səhv etdiyimdən məhkəmədə barışıq təklif etmişəm.

Yuxarıda qeyd etdiyim kimi mən 2010- cu ilin parlament seçkilərində 80 saylı DSK- nın 12 saylı MnSK- nın katibi olmuşam. Sizin necə deputat olmanızı mən çox gözəl bilirəm.

Əsəd Xanlar oğlu Xəlilov,
İmişli rayon Ağammədli kənd sakini, ali təhsilli, Ahıl Ziyalılar birliyinin üzvü