İmkan verin, uşaqlar da qocalsın

imkan-verin-usaqlar-da-qocalsin
Oxunma sayı: 1801

Raminə Eyvazqızı

Bizim uşaqlarımızı bədbəxt edənlər onlardır. Təzəcə ailə qurmuşlara bir ay keçməmiş “bir şey var?” “qayğısı” ilə yanaşanlar. Bu kiçik sual cümləsində kiminsə nəsil artırması xöşbəxtliyinə şərik olmaq kimi duyğudan danışmaq olmaz. Heç kimin də “sənə nə” cavabına gücü çatmaz. İnsana “bir şey” kimi yanaşma tərzinin içində böyük insan faciəsi var. Belələri üçün uşaq sadəcə bir oyuncaqdır. Gecikən övlad təzə ailə haqqındakı yeni söhbət mövzularıdı. Salamat doğulsa, “uşaqgördü”yə” gedib qarın doldurmaq, qeybət dəyirmanını işə salıb kiminsə gözünə un üfüləmək.

Bu gün çoxluqla cəmiyyətdə uşaqlardan elə oyuncaq kimi istifadə edirlər. Uşaqdan istifadə edib ata və ya ananın qarşı tərəfə acıq verməsi, eqolarının əsirinə çevrilib uşaqla(boşandıqdan sonra və ya küsülü olanda) istədiyi vaxt, istədiyi kimi davranması çirkin dəbdi. İstədiyin cinsdə uşağı seçmək, istəmədiyini öldürmək, uşaqla kimisə özünə bağlamaq... Pul olanda uşağın üzünə gülmək, bitən kimi uşağı yersiz acılamaq. Böyüyəndə “uşağı qudurtmazlar”, “uşaqdı, otursun yerində”, “qızını döyməyən, dizini döyər” kimi məntiqsiz deyimlərdən özünə sərf edən kimi istifadə etmək.

***

Bir uşağın başqa birinin geyim-keçiminə, yeməyinə həsədlə baxması ağrılıdı. O baxışları görmüşən. Elə bir neçə gün əvvəl də mağazaları gəzəndə görmüşdüm. Istədiyi məktəb ləvəzimatını, ayaqqabını və qeyri məhsulu almayanda anasının ətəyindən sallaşan, gözləri dolan uşaqlar vardı. Maddi vəziyyətinin aşağı olması səbəbiylə uşağını incidən valideyn səni qınayaqmı, qınamayaqmı? Elə bilirsiz, uşağına istədiyini almayan elə kasıbıdı? Saçını, dırnağını qaynaq etdirmək üçün yığdığı pula qıymayan qadınlar var e.
Axı hamı niyə eyni imkanda yaşamır? İrəli yaşlarda uşaqların özlərinə ən çox verdiyi sual belə olur. Bir gün əzmi sayəsində pullu-paralı olsa belə, bir vaxtlar göz yaşı axıtdığı həmin əşya düşməninə çevrilir. İsmayıllıda intihar edən uşağı kimlər öldürdü? Uşaq Bilik günü məzara yox, məktəbə getməliydi.

Təəssüf...İntihar-ölümün cəzasız qaldığı və məsələni tez bağlamağın ən uğurlu adıdı. Bir dəst təzə palpaltar üçün özünü öldürə bilən uşağı kimlər dünyaya gətirdi? Ya ayağını yorğanına görə uzatmalısan, ya da ayağın havada asılı qalacaq? Belə uşaq faciələrini o qədər su kimi həzm edirik ki, artıq qınamağa, zavallı uşaq cəsədinə belə heyfimiz gəlmir. Hanı özünü toytutan müğənnilər kimi aparan ölkənin baş psixoloqları, pasiyent yox, müştəri “ovçu”ları. Saatlarla çənə çalıb, utopiyalaşıb əndrabadi terminlərlə baş yoran bəzi insan beyni sərrafları niyə bağırmırsız? Uşaqlarımız İ. Höteni tanımasa da, onun “Gənc Verterin iztirabları”nı(əsərin sonunda Verter obrazı intihar edir, bir vaxtlar Avropada məşhurlaşan əsərin təsirindən intihar dalğası yaranmışdı)oxumasa da, özlərinə niyə qıyırlar? Xəbəriniz var, “Verter effekti” işləyir. Biz əvvəllər daha çox dahilərin, iflasa uğramışların intiharını eşidərdik. Yavaş-yavaş böyüklər bezdilər, indi də uşaqlar. Uşaq sadəcə oyun oynamaqdan yorular, heç bezməz də. Həyatı tanımayan uşaq ondan necə bezər?

Dünyada havayı olanları –qucaqlaşmağı, öpməyi, qayğını, sevgini uşaqların həndəvərindən kilometrələrlə uzaqlara tullamayaq. Onlara pullu-pulsuz fərqindən çox, dözümlü-dözümsüz, səbirli-səbirsiz, iradəli-iradəsiz, ağıllı-ağıllsızdan söhbət açaq. Qocalmamaq üçün bahalı kremlərə verilən pullara heyflər olsun! Qocalmaq xöşbəxtlikdi! İmkan verin uşaqlarımızın da böyüdükcə saçına ağ tel düşsün, üzü qırışsın, amma ürəyi çatlamasın! Onsuzda hər yaşda kimsə kiminsə uşağıdır ki, uşağı.