İmtahan edənləri də imtahana çəkdilər

imtahan-edenleri-de-imtahana-cekdiler
Oxunma sayı: 638

Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ilk imtahanda ibtidai sinif müəllimi işləmək istəyənlər iştirak edirlər. İbtidai sinif üzrə müəllim işləmək istəyənlər üçün sonuncu imtahan iyulun 30-da keçiriləcək. İmtahanların keçirilməsinə saat 09:00-dan başlanacaq. Bu gün sonuncu qrup üçün imtahanın keçirilməsinə 17:30-da başlanacaq.

Növbəti imtahan avqustun 1-5-də ingilis, avqustun 8-11-də Azərbaycan dili və ədəbiyyatı, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-24-də riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da çağırışaqədərki hərbi hazırlıq, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə keçiriləcək.

İmtahanların keçirilmə yeri və tarixi barədə hər bir namizədin "Şəxsi kabinet"inə məlumatlar göndərilib. İmtahan Nazirliyin Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir və 1 saat davam edəcək. Hər dəfə idarədə eyni vaxtda 60 nəfər imtahan verə biləcək. Gün ərzində isə 360 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanda namizədə 35 sual təqdim ediləcək. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompüterdə göstəriləcək.

İmtahandan keçmiş namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılacaq. İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar.

Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar. Respublika üzrə müəllimlərin işə qəbulu sentyabrın 10-dək tam yekunlaşacaq.

Nigar Məmmədli