İmtahansız universitetə qəbul olan qaliblərlə görüş - Fotolar

imtahansiz-universitete-qebul-olan-qaliblerle-gorus
Oxunma sayı: 3192

Bu gün Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri və bir çox ziyalıların iştirak etdiyi mərasimdə ilk olaraq Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib.

Bildirib ki,  2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb: "Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.

52 müxtəlif rayon və şəhər şagirdləri iştirak etdiyi olimpiadada bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt şagirdləri göstərib.

Şagirdlər il boyu dünya üzrə keçirilən beynəlxalq olimpiadada da iştirak edərək ümumilikdə 23 medal qazanıb".

***

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov müəllimləri, dərəcə almış sagirdləri və onların valideynlərini təbrik edərək olimpiada qaliblərinin mükafatlandırılması mərasimini bayram adlandırıb.

Nazir bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb: "Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını deyə bilərik. Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Odur ki, qaliblərimizə ikiqat təbrik düşür. Çünki onlar həm də artıq tələbə adını qazana biliblər. Artıq bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq ki, bu da məktəblərin və müəssisə rəhbərlərinin rəğbətləndirilməsi üçün əsasdır".

***

Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub.

Günel Hacı

Fotolar: Nuran Məmmədov