İnam Kərimov müşavirə keçirdi

inam-kerimov-musavire-kecirdi
Oxunma sayı: 2083

Kənd Təsərrüfatı Nazirliyində “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nazirliyin Mərkəzi Aparatının nümayəndələri, tabeli qurumların, elmi-tədqiqat institutlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.

Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qəbul olunan Dövlət Proqramının ölkə iqtisadiyyatının bütün sahələrində keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olduğunu deyib. Nazir bildirib ki, növbəti 5 ili əhatə edən Dövlət Proqramında indiyədək aqrar sahədə görülmüş işlərin davam etdirilməsi nəzərdə tutulur. Proqramda həyata keçirilən siyasətin əsas nəticələri, məqsəd, vəzifə  və icra istiqamətləri öz əksini tapıb. 

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov, “Aqrolizinq” ASCnin sədri vəzifəsini icra edən Elmin Rəhmanov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xalis Mahalov çıxış edərək 2018-ci ildə görülmüş işlər, əldə olunan sosial-iqtisadi göstəricilər, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.

Müşavirəyə yekun vuran nazir bildirib ki, DAİM-lər “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqinə hərtərəfli dəstək verməli, Aqrar Könüllülər Hərəkatına kömək etməlidir. 

İnam Kərimov kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün görüləcək işlər barədə tapşırıqlar verib.

Qeyd edək ki, “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə hər üç aydan bir keçiriləcək.