“İnanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini göstərəcəyik” - Qurban Qurbanov

inaniram-ki-sabah-en-yaxsi-oyunlarimizdan-birini-gostereceyik
Oxunma sayı: 1955

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah Farer adalarını qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo”nun məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Çox danışmağa ehtiyac yoxdur. Hər şey məlumdur. Bacardığımız qədər komandanı hazırlamışıq. Sabahkı oyunu düşünürük. Çalışacağıq ki, yaxşı çıxış edib nəticə qazanaq.

- Pavel Paşayevin durumu necədir?
- Hər şey qaydasındadır.

- Rəqibin baş məşqçisi və kapitanı çox iddialı danışırdı. Hər hansı sürpriz hazırlamaları mümkündü. Bunlara hazırsız?
- Əlbəttə ki, rəqibi tam yaxından tanımışıq. Onlara qarşı bir oyunumuz olub. Mütləqdi ki, hər bir komanda iddialı danışacaq. Çünki şanslar var. Biz də iddialıyıq. Düşünürəm ki, hər bir futbolçu əlindən gələni edəcək və sürprizlərə hazır olacaq. Oyunun gedişatında da rotasiyalar ola bilər. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

- Ötən oyunlarla müqayisədə komandada yeni oyunçular var. Start heyətində dəyişiklik gözləmək olarmı?
- Yeni oyunçular var. Amma indi fikir bildirə bilməyəcəm. Sabah oyundan əvvəl heyət bilinəcək.

- Son dönəmlərdə komanda səfərdə daha yaxşı oynayır. Bu, nə ilə bağlıdır?
- Nə iləsə əlaqələndirmək istəməzdim. Bu, futbolçular üçün pis hal deyil. Amma komandalar ev oyunlarında daha yaxş çıxış edirlər. Kiçik turnirdi. Biz Bakıda da yaxşı nəticə əldə edə bilərik. Bəzən səfərdə oyun qurmaqla evdə hazırlaşmaq arasında fərq olur. Öz meydanında oynayan daha aktiv oynamaq istəyir və bundan düzgün istifadə etmək olur. Öz meydanımızda isə rəqiblər müdafiədə daha diqqətli oynamağa çalışır. Hər bir halda biz bunu düşünmək durumunda deyilik. Bütün oyunlara qələbə istəyi ilə hazırlaşırıq. İnanıram ki, sabah ən yaxşı oyunlarmızdan birini göstərəcəyik.

- Hücum siyahısında 5 oyunçu var. Son iki matçda 2 hücumçu ilə oynamağınız mümkündür?
- 2 hücumçu dedikdə, mənim həmişə futbolçulardan həmişə tələbim odur ki, hücumda sayımız çox olsun. Bu o demək deyil ki, mütləq 2 hücumçu ilə çıxış edək. Ön xətdə olan oyunçulara həmişə hücumçu gözü ilə baxıram. Oyunun gedişinə görə, bəzən 2, bəzən 3 hücumçu meydana buraxırıq. Bizim hədəfimiz oyun üslubumuzu daha da yaxşılaşdırmaqdı. Lazım olsa, yenə dəyişikliklərə əl atacağıq.