“İnanmıram ki, Qriqorçukun gözündən düşüm” - Təmkin Xəlilzadə

inanmiram-ki-qriqorcukun-gozunden-dusum
Oxunma sayı: 1190

Millimizin və “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə sabah Moldova ilə keçiriləcək matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” müsahibə təqdim edir:

- Millidə dəyişən nə var?

- Dəyişən bir şey yoxdur. Millinin uğuru üçün əlimizdən gələni edirik. Məşqlərimiz də qaydasındadır. Yeni baş məşqçi və kollektivimiz yenidir. Amma bu, heç nəyi dəyişdirmir. Məqsədimiz birdir: millinin uğuru. Sabah Qurban Qurbanovun yığmada baş məşqçi kimi debütü olacaq. Ona uğurlar arzu edirəm. Meydanda əlimizdən gələnin ən yaxşısı etməyə çalışacağıq. Qələbə üçün meydana çıxacağıq.

- Qurban Qurbanovun futbolçulardan əsas istəyi nədir?

- İlk növbədə millinin məsuliyyətini bizdən dərk etməyi tələb edir. Bu formanı geyinmisənsə, haqqını verməlisən. Qurban Qurbanov ilk növbədə nizam-intizama önəm verir. Meydanda davranış qaydaları və digər məsələlər. Meydanda bütün xalqımızı təmsil edirik.

- Robert Prosineçkinin dönəmində də milliyə dəvət aldın. Məşqlərdə fərq hiss olunur?

- Məşqlərdə böyük fərq yoxdur. Toplu çalışmalara üstünlük veririk. Bildiyiniz kimi, “Qarabağ”da Qurban müəllimin rəhbərliyi altında top qovmuşam. Onun əsas istəyi topu nəzarətdə saxlamaqdır. Rəqibi topsuz qoymaq, itirilən kimi rəqibi təzyiqdə saxlamaq… Bizdən daha çox tələb olunan nizam-intizamdır.

- Müdafiədə və yarımmüdafiədə çıxışı edirsən. Millidə hansı mövqeydə çıxış edəcəksən?

- Yığmada müdafiəçi kimi oynayacam. Bu mövqedə məni sınayıb. İnşallah, sabah görək necə olacaq.

- Sənin üçün hansı mövqeydə çıxış etmək rahatdır?

- Belə deyək, fərqi yoxdur. Hər iki mövqeydə oynadığım üçün mənə yad deyil.

- Yoldaşlıq görüşü olsa da, yəqin ki, Moldova yığmasını təhlil etmisiniz...

- Əlbəttə, məşqdən öncə iclasda müzakirə olundu. Kompakt, sıx və müdafiədə yaxşı oynayırlar. Hücum və müdafiədə yaxşıdırlar. Ciddi hazırlaşmışıq. Çətin olacaq.

- “Qəbələ”nin heyətində son görüşdə zədə almışdın. Durumun necədir?

- Böyük problem yoxdur. Zərbə almışdım, məşqçi də məni əvəzlədi. Risk etmək istəmədi. Ciddi nəsə yoxdur.

- “Qəbələ”nin heyətində “Arsenal”la (Tula) matçda (3:3) penaltini icazəsiz vurmağın baş məşqçi Roman Qriqorçuku özündən çıxarmışdı...

-  Komandada yeniyəm. Cavid Hüseynov meydanda olsaydı, topa ömrüboyu yaxın durmazdım. Çünki ağ nöqtəyə hər zaman o yaxınlaşır. Kapitanlıq bazubəndi Asif Məmmədovun qolunda idi. O da razı oldu və digər futbolçular da narazılıq etmədilər. Qol vurmaq istəyirdim. Təəssüf ki, alınmadı. Bəlkə də, fərqlənsəydim, başqa cür qarşılanardı. Bundan sonra daha diqqətli olacam.

- Roman Qriqorçuk hər şeyə həssas yanaşır. Gözündən düşmərsən?

- Xeyr, inanmıram ki, bu, baş versin. Komandaya qayıdanda özü ilə söhbət edəcəm. Yəqin ki, küsməyib məndən və hər şey qaydasındadır.